• 7 Dekabr 2024
logo
Kürdəmirdə 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolları yenidən qurulur

Kürdəmirdə 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolları yenidən qurulur

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Azərbaycanda yol infrastrukturunun daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi kimi sosial yönümlü tədbirlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla icra olunur.
Agentlikdən Trend-ə verilən məlumata görə, Kürdəmir rayonunda bu çərçivədə cari ildə 2 yol infrastrukturu layihəsinin, Karrar-Bağman-Böyük Kəngərli və Şilyan-Qarasu avtomobil yollarının yenidən qurulması işləri aparılır.
Kürdəmir rayonunda bu il icra olunan yol layihələri 10 minə yaxın vətəndaşın yaşadığı 5 yaşayış məntəqəsini əhatə edən 51.2 km uzunluğunda avtomobil yollarıdır. Karrar-Bağman-Böyük Kəngərli və Şilyan-Qarasu avtomobil yollarının əhatə etdiyi yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq və dağılmış qara örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.
Sözügedən avtomobil yolları boyu qara örtük olan hissələrdfə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, yolun genişləndirilməsi, qaldırılması və profilə salınması ilə yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri lazımi qalınlıqda qum-çınqıl və optimal-qərmadaş qarışığı ilə aparılır.
Yollarən torpaq örtüklü hissələrində də tikinti norma və qaydalarına uyğun olaraq, yeni yolun inşası işləri aparılır. Ərazilərdə yolun profilə salınması, bitki qatının təmizlənməsi və xüsusi çınqıl materialı ilə yeni yol yatağının inşası işləri aparılıb. Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində yol əsasının inşası işlərinə start verilib. Ümumilikdə torpaq işlərinin sahəsi Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunda 370 min kv.m, Şilyan-Qarasu avtomobil yolunda isə 140 min kv.m təşkil edir.
Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün 270 paqon-metr müxtəlif diametrli dairəvi metal və dəmir-beton borulardan istifadə olunub. Bundan başqa yollarda yerləşən 2 və 4 aşırımlı avtomobil körpülərin də əsaslı şəkildə bərpası, yararsız körpü məhəccərlərinin dəyişdirilməsi də görülən işlərin siyahısındadır.
Torpaq işləri bitən ərazilərdə yol əsasına əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layının 7 sm qalınlıqda iri dənəli, üst layının isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi işləri aparılır. Asfaltlanma işləri Karrar-Bağman-Böyük Kəngərli və Şilyan-Qarasu avtomobil yollarının 300 min kv.m-dən çox sahəsini əhatə edir.
Layihələrin sonuncu mərhələsində çiyinlərin bərkidilməsi, yol birləşmələrinin təmiri və avtobus dayanaqcaqlarının tikintisi, həmçinin yollar boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanlarınin, km göstəricilərinin və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Qeyd edək ki, Karrar-Bağman-Böyük Kəngərli və Şilyan-Qarasu avtomobil yollarının yenidən qurulması yol boyu yaşayan vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna asan çıxış əldə etməklə, istər rayon mərkəzinə, istərsə də digər rayonlara rahat gediş-gəlişi təmin olunacaq, yük və sərnişin daşıması asanlaşmaqla, ərazidə əhalinin sosial həyatına müsbət təsir edən kənd təsərrüfatı inkişaf edəcək.