• 19 Mart 2024
logo
"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin fəaliyyətində nöqsanlar aşkarlanıb

"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin fəaliyyətində nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci il üzrə İş planına uyğun olaraq "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin (AİŞ) vəsaitlərinin formalaşması və istifadəsinin auditi aparılıb.

Palatadan verilən məlumata görə, ASC-nin fəaliyyət göstərən və ya yeni təsis edilən kommersiya təşkilatlarının nizamnamə kapitalına (səhmlər və paylara) investisiya qoyuluşunun kommersiya səmərəliliyi, investisiya obyektləri seçilərkən fəaliyyət sahəsində xidmətlərinin rəqabətə davamlı olması, fəaliyyətinin yüksək səviyyədə təşkilini təmin edən və həmin fəaliyyət sahəsində kifayət qədər təcrübəyə malik olan strateji investorun olması kimi meyarlara tam riayət edilməyib. Səhmləri və payları olan investisiya obyektləri və layihələri üzrə əvvəlki illərdə zərərlə fəaliyyət göstərməsi səbəblərinin araşdırılması ilə onların aradan qaldırılması istiqamətində tədbirlər müəyyənləşdirilməmiş, auditlə əhatə edilən 2016-2019-cu illərdə zərərlə işləyən, investisiya obyektində iştirak müddətinin aşağı həddi başa çatmış payları üzrə ASC-nin iştirakına xitam verilməsinin məqsədəuyğunluğunun, həmin payların bazar qiymətləndirilməsi aparılmaqla satışının həyata keçirilməsi imkanlarının reallaşdırılması istiqamətində əməli işlər (tədbirlər) görülməyib.

Seçmə qaydada sənaye məhəllələrinin yaradılması üzrə inşaat işlərinə dair sənədlərin əsaslı surətdə öyrənilməsi ilə tikinti işlərinə dair 758,1 min manat məbləğində bir sıra kənarlaşma və fərqlər müəyyən edilib.