• 23 Sentyabr 2020
logo
Azərbaycanda indiyədək 2,2 mln. tondan çox taxıl yığılıb

Azərbaycanda indiyədək 2,2 mln. tondan çox taxıl yığılıb

Azərbaycan üzrə 716 682 hektar biçilmiş sahədən 2 269 775,4 ton məhsul yığılıb.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda taxıl üzrə orta məhsuldarlıq 31,7 sent/ha təşkil edir.

"Arpa sahələrinin biçini yekunlaşmaq üzrədir. Ölkə üzrə 370 min hektara yaxın payızlıq arpa əkini aparılıb, bu günədək 322878 hektar sahədə biçin başa çatıb. Hazırda dağətəyi rayonlarda arpa biçini davam edir. Sahələrdən ümumilikdə 976992,6 ton arpa yığılıb. Arpa üzrə orta məhsuldarlıq 30,3 sentner təşkil edir. Dağətəyi rayonların əksəriyyətində arpa biçini başa çatıb", - deyə nazirlikdən bildirilib.
Buğda sahələrində də biçin davam edir. Ölkə üzrə 641 min hektar buğda sahəsinin 393 804 hektarında biçin yekunlaşıb. Sahələrdən 1 292 782,8 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq hazırda 32,8 sentner təşkil edir.

Bu günə olan məlumata görə, biçin prosesində 1 426 kombayn iştirak edir. Bunlardan 465-i "Aqrolizinq" ASC-nin biçin aparılan bölgələrdəki rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq" tərəfindən biçin başa çatmış Aran bölgələrindən və biçin aparılmayan dağlıq bölgələrdən aktiv biçin zonasına əlavə 226 kombayn dislokasiya olunub. Biçində həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 735 kombayn iştirak edir.

Qeyd edək ki, bu il Azərbaycanda 1 010 218 hektar sahədə payızlıq taxıl əkilib.

Hazırda biçin davam edir.