• 26 Sentyabr 2020
logo
Nazir müavini: Ölkəmizdə bərqərar olmuş kütləvi ağacəkmə ənənələrini bundan sonra da davam etdirəcəyik

Nazir müavini: Ölkəmizdə bərqərar olmuş kütləvi ağacəkmə ənənələrini bundan sonra da davam etdirəcəyik

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ötən il Azərbaycanda bir gündə əkilmiş 650 min ağacın vəziyyəti, onlara göstərilən qulluq səviyyəsi barədə jurnalistlərin suallarını Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev cavablandırıb:

- Ötən il xeyirxah bir təşəbbüslə Azərbaycanda bir gündə 650 min ağac əkildi və bu hadisə ölkənin gündəminə çevrildi.

Bəli, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu nəcib və xeyirxah təşəbbüsü ilə ölkədə bir ilkə imza atıldı. Azərbaycan təbiətinin özünü bərpasına, respublika ərazisində yaşıllıqların miqyasının genişləndirilməsi işinə əvəzsiz töhfə verildi.

Qeyd edim ki, ölkənin bütün ərazilərində idarə və təşkilatlar, icra hakimiyyətləri, bələdiyyələr və şirkətlər könüllü olaraq bu xeyirxah aksiyaya qoşuldu.

Bu təşəbbüs çərçivəsində ağac əkmək üçün bizə müraciət edən hər bir kəsi istədikləri sayda, nazirliyin tinglik sahələrində yetişdirilmiş ağac tingləri ilə əvəzsiz olaraq təmin etdik və bir gündə, bu möhtəşəm hərəkat çərçivəsində Azərbaycanda indiyədək görünməmiş sayda ağac əkildi.

Ağacların əkilməsi və onlara aqrotexniki xidmətin göstərilməsi isə həmin qurumların özləri tərəfindən həyata keçirilir.

-Hazırda əkilən ağacların vəziyyəti necədir?

Nazirlik nəzarət tədbirləri çərçivəsində bu aksiyada əkilən ağacların vəziyyətinin qiymətləndirilməsi məqsədilə növbəti monitorinqləri başa çatdırıb və ümumi vəziyyət olduqca qənaətbəxşdir.

-Monitorinqin nəticələri barədə konkret nə demək olar?

Ölkəmizdə artıq ağac əkilməsinin ümumxalq hərəkatına çevrildiyi bir vaxtda, bu sahədə ictimaiyyətin daimi nəzarətinin gücləndiyi bir şəraitdə yaşıllıqlara qulluq olunması vəziyyəti də paralel olaraq çox yaxşılaşıb.

Bu baxımdan YAP-ın gənc fəalları, Ekoloji Şura üzvləri ilə müxtəlif qurumlar tərəfindən 650 min ağacın əkildiyi sahələrə keçirilən birgə baxışın nəticələri də ürəkaçandır. Əksər ərazilərdə əkilmiş ağaclara vaxtlı-vaxtında qulluq olunduğu, damcılı suvarma sisteminin çəkildiyi və ağacların mütəmadi suvarıldığı müəyyən olunub.

Düzdür, bəzi ərazilərdə quruyan, inkişafdan qalan ağaclara rast gəlinsə də, deyərdim ki, respublika üzrə ümumilikdə əkilən ağacların vəziyyəti olduqca qənaətbəxş və bitiş faizi yüksəkdir.

-Yəni əkilən ağacların əksəriyyəti bioloji inkişafdadır?

Rayonlar üzrə sistemləşdirsək Lənkəran, Lerik, Hacıqabul, Sabirabad, Siyəzən, Xaçmaz, Qusar, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Beyləqan, Bərdə rayonlarında, həmçinin Gəncə şəhərində, Bakının Nərimanov, Binəqədi, Nəsimi, Yasamal, Nizami, Xətai, Sabunçu, Xəzər və Pirallahı rayonlarının ərazilərində əkilən ağacların bitiş faizi olduqca yüksəkdir. Lakin bəzi ərazilərdə müxtəlif səbəblərdən quruyan, inkişafdan qalan ağaclara rast gəlinib.

-Quruyan ağaclarla bağlı hansısa tədbirlər görülürmü?

Bitiş faizi qənaətbəxş olmayan ərazilərə cavabdeh olan Kürdəmir, Astara, Biləsuvar, Qazax, Şəmkir, Neftçala, Şabran, Göyçay, Ucar, Daşkəsən, Tovuz, Salyan və Bakının Səbail rayonunun icra hakimiyyətləri qarşısında zəruri qabaqlayıcı tədbirlərin görülməsi, quruyan tinglərin payız mövsümündə yenisi ilə əvəzlənməsi, aqrotexniki xidmət işlərinin keyfiyyətinin artırılması ilə bağlı tələblər qoymuşuq.

İnanırıq ki, qeydə alınan bəzi nöqsanlar və quruma faktları tezliklə aradan qaldırılacaq.
Monitorinqlərin keçirilməsində də əsas məqsəd o idi ki, ağac əkənlər tərəfindən ağaclara qulluq göstərilməsi səviyyəsi öyrənilsin və əkilmiş ağacların hamısının bitişinə nail olunsun.
Biz növbəti əkin mövsümündə quruyan ağacların yerinin doldurulması üçün qurumlara yenə də ting verməyə hazırıq. Yetər ki, əkilən ağaclara cavabdeh olanlar yaşıllıqlara öz qulluqlarını əsirgəməsinlər, onları vaxtlı-vaxtında sulasınlar və aqrotexniki qulluq göstərsinlər.
Ümumiyyətlə, 650 min ağacın əkilməsi layihəsinin uğurla həyata keçirilməsini Azərbaycan təbiətinə, ölkədə yaşıllıqların artırılmasına verilmiş ən böyük töhfə hesab etmək olar.

- Yaşıllıq ərazilərinin genişləndirilməsi istiqamətində əkin işləri davam etdiriləcək?

Sözsüz ki, mövsümlərdə ağacəkmə kampaniyaları, meşə-parkların, yaşıllıq zolaqlarının salınması işləri bundan sonra da davam edəcək.
Onu da qeyd edim ki, yaxın beş il ərzində təkcə Abşeron yarımadasında daha 10 min hektar ərazidə yaşıl zolaqların salınması planlaşdırılır. Bu işlər bütün ölkə ərazisində də həyata keçiriləcək.

Hazırda təhlillər aparılır və su mənbələrinə yaxın ərazilər müəyyənləşdirilir ki, həmin yerlərdə yaşıl zonalar, meşə-parklar salınsın. Digər qurumlarla, yerli icra strukturları ilə də əməkdaşlıq edilir. Onların yeni yaşıllıq sahələrinin salınması işlərinə dəstək üçün tərəfimizdən tinglər verilir.
Eyni zamanda qarşıdakı mövsümdə də kütləvi ağacəkmə aksiyalarının keçirilməsi planlaşdırılır. Biz ölkəmizin təbii mühitinin oksigenlə daha da zənginləşdirilməsi, insanlarımızın daha sağlam ətraf mühitdə yaşaması, ölkəmizdə bərqərar olmuş kütləvi ağacəkmə ənənələrini bundan sonra da davam etdirəcəyik.