• 27 İyul 2024
logo
AMB: "Brent" neftinin orta qiyməti iyunda 48% artıb

AMB: "Brent" neftinin orta qiyməti iyunda 48% artıb

Tələbin artması və yeni "OPEC+" razılaşmasının icrasının təsiri nəticəsində iyun ayının ötən dövründə "Brent" markalı neftin orta qiyməti 40 ABŞ dolları olub ki, bu da aprelin orta qiymətindən (27,1 dollar) 48% çoxdur.

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumata əsasən, tələbin nisbətən artması, eləcə də aprel ayında əldə olunmuş "OPEC+" razılaşmasının yenilənərək icrasının təsiri ilə neft qiymətləri bərpa olmağa başlayıb.

"İyunun ötən dövründə “Brent” neftinin orta qiyməti 40 dollar olub ki, bu da mayın orta qiymətindən (32,5 dollar) 23%, aprelin orta qiymətindən isə (27,1 dollar) 48% yüksəkdir", - AMB-dən bildirilib.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

İclasda əldə edilən razılığa əsasən, iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barel azaldacaq. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında əlavə olaraq, təxminən, 1,2 mln. barel həcmində ixtisar edəcəklər. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barel səviyyəsində saxlamalıdır.