• 1 Oktyabr 2020
logo
FHN fermerlərə və təsərrüfat rəhbərlərinə müraciət edib

FHN fermerlərə və təsərrüfat rəhbərlərinə müraciət edib

“Dənli və texniki bitkilərin yetişdirilməsi, tədarükü əhalinin ərzaq təminatında mühüm rol olnayır. Bu səbəbdən də ölkədə daim sözügedən sahənin inkişafına xüsusi diqqət ayrılır. Xüsusən də taxıl tədarükünün artırılması və ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı olkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul edilir”.

Bunu açıqlamasında Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva deyib. O bildirib ki, dənli, texniki bitkilərin və taxıl tədarükünün artırılması ilə bağlı ən vacib vəzifələrdən biri də bu strateji əhəmiyyətli məhsulların yanğından mühafizəsidir: “Bunun üçün dənli, texniki bitkilərin biçini, daşınması və saxlanılması dövründə yanğın təhlükəsizliyi qaydalarına vaxtında və düzgün əməl olunmalıdır. Bu məqsədlə FHN-in müvafiq qurumları yanğın təhlükəsizliyi qaydaları barədə fermerlər və digər aidiyyəti şəxslərin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.

Fermerlər və təsərrüfat rəhbərləri tərəfindən taxıl sahələrinin yaxınlığından keçən avtomobil yollarının kənarının şumlanması, yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında yanğından mühafizə tədbirlərinin görülməsi, biçində istifadə olunan texnikanın istismarı zamanı istismar qaydalarına riayət olunması və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi istiqamətində addımlar atılmalıdır. Həmçinin cavabdeh şəxslər ərazidə yerləşən su mənbələrinin əvvəlcədən müəyyən olunaraq, yanğın avtomobillərinin yaxınlaşıb su götürməsi üçün lazimi şəraitin yaradılması, əkin sahələri arasında yanğına qarşı məsafələrin gözlənilməsi və zəmi ətrafının şumlanması kimi vacib yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etməlidirlər”.

O qeyd edib ki, bu qaydalara əməl olunmaması yanğın hadisələrinin baş verməsinə və şiddətlənərək geniş sahələrə yayılmasına şərait yaradır: “Dənli və texniki bitkilərin biçilmiş sahələri şumlanmalıdır. Vətəndaşlar bilməlidirlər ki, biçilmiş sahələri və ya onlara yaxın ərazilərdə kolluqları yandırmaq, söndürülməmiş siqaret kötüklərinin tullantıları, nəzarətsiz qalan tonqallar və diğər alovla ehtiyatsız davranış halları ekologiyaya ziyan vurmaqla yanaşı, qonşu zəmilərin, meşə zolaqlarının alışmasına və böyük maddi itkilərə gətirib çıxarır.

Onu da qeyd edim ki, yanğın hadisələrində günahkar şəxslər qanunda nəzərdə tutulmuş qaydada hüquqi məsuliyyət daşıyır.

Qeyd olunanları nəzərə alaraq, ot-taxıl biçini mövsümündə əkin sahələrində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması üçün fermer və təsərrüfat rəhbərləri, eləcə də hər bir vətəndaş üzərinə düşən vəzifəni yerinə yetirməli, bu strateji əhəmiyyətli məhsulun yanğından qorunmasını təmin etməlidir”.