• 29 Sentyabr 2020
logo
Saudiyyə Ərəbistanı "OPEC+" razılaşması üzrə öhdəliyi 100% yerinə yetirib

Saudiyyə Ərəbistanı "OPEC+" razılaşması üzrə öhdəliyi 100% yerinə yetirib

Səudiyyə Ərəbistanı bu ilin may ayında "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində hasilatın azaldılması razılaşması üzrə planı 100% yerinə yetirib.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

Hesabatda həmçinin bildirilir ki, Rusiya "OPEC+" razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri 97% yerinə yetirib.

Məlumata əsasən, may ayında OPEC ölkələri öhdəliklərini 86%, OPEC-ə daxil olmayan ölkələr isə 94% yerinə yetiriblər. Qlobal bazarın sabitliyini qoruyan qlobal neft hasilatının azaldılması ilə bağlı tarixi "OPEC+" razılaşması 89% yerinə yetirilib.

Qeyd edək ki, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

Xatırladaq ki, iclasda əldə edilən razılığa əsasən, Beləliklə iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barel azaldacaq. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında əlavə olaraq, təxminən, 1,2 mln. barel həcmində ixtisar edəcəklər. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barel səviyyəsində saxlamalıdır.

Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.