• 24 Sentyabr 2020
logo
Qlobal neft tədarükü 2021-ci ildə yenidən artacaq

Qlobal neft tədarükü 2021-ci ildə yenidən artacaq

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) bu ilin II rübündə gündəlik qlobal neft tədarükünün 92,6 mln. barel səviyyəsində olacağını proqnozlaşdırır ki, bu da illik ifadədə 7,9 mln. barel azdır.

"APA-Economics" məlumatına görə, bu barədə EIA-nın aylıq hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, tədarükün azalması "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) razılaşması çərçivəsində hasilatın azaldılması və ABŞ-da qazma fəaliyyəti səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirilir.

Agentliyin proqnozuna görə, bu ilin III rübündə gündəlik qlobal neft tədarükü 92 mln. barelədək enəcək. 2021-ci ildə bu göstəricinin 97,4 mln. barelədək artacağı ehtimal olunur.

"EIA 2021-ci ildə OPEC tərəfindən tədarükün artımının stimullaşdırılacağını gözləyir", - Agentliyin hesabatında deyilir.

Qeyd edək ki, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

Xatırladaq ki, iclasda əldə edilən razılığa əsasən, Beləliklə iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barel azaldacaq. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında əlavə olaraq, təxminən, 1,2 mln. barel həcmində ixtisar edəcəklər. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barel səviyyəsində saxlamalıdır.

Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.