• 6 Dekabr 2024
logo
Bu il 573 sahibkara 52 milyon manat güzəştli kredit verilib - Nazir müavini

Bu il 573 sahibkara 52 milyon manat güzəştli kredit verilib - Nazir müavini

İyulun 18-də İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə Xırdalanda sahibkarlarla işgüzar forum keçirilib.
Trend-in məlumatına görə, tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərinin əldə edilməsi mexanizmi barədə geniş məlumat verilib, Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan zeytunçuluq, zəfərançılıq, üzümçülük təsərrüfatlarının, badam bağının, logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub.
Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda və Bakı qəsəbələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, bu ilin ötən dövründə 573 sahibkarın ümumi dəyəri 183 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 52 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2000-dən çox iş yerinin yaradılmasına imkan verir.
Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə sahibkarlığın rolu, fermerlərə verilən güzəştlər və subsidiyalar barədə danışıb.
İşgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 15 sahibkara Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2,5 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, üzümçülük, quru meyvə, çörək istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 100-dən çox iş yerinin açılmasına imkan yaradacaq.
Ümumilikdə, bugünkü forumda verilən kreditlər də daxil olmaqla indiyədək Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2700-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 677,6 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində güzəştli kredit ayrılmış quru süd istehsalı müəssisəsində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.