• 20 Aprel 2024
logo
Azərbaycan startapı Silikon Vadisində beynəlxalq sertifikasiya proqramına qəbul edilib

Azərbaycan startapı Silikon Vadisində beynəlxalq sertifikasiya proqramına qəbul edilib

Azərbaycanın "ABC planet" startapı Silikon Vadisində fəaliyyət göstərən "Draper" Universiteti və "Scaleink" onlayn biznesin inkişafı platformasının təşkil etdiyi beynəlxalq sertifikasiya proqramına qəbul edilib.

İnnovasiyalar Agentliyindən verilən məlumata görə, bu startap Agentliyinin nəzdində fəaliyyət göstərən Barama İnnovasiya və Biznes İnkubasiya Mərkəzinin keçirdiyi Pre-akselerasiya proqramını başa vurub. Bu proqramda iştirak edən layihələr gələcəkdə həmin universitetin investisiya imkanlarından və Silikon Vadisinin "network" fürsətlərindən istifadə edə biləcəklər.

Agentlikdən bildirilib ki, "ABC planet" startapı ilə yanaşı Pre-akselerasiya proqramını daha 4 startap başa vurub. Bu proqramı bitirən layihələrin sırasına "İŞIQ", "Dualingo AIDAtoolkit", "WinFi" və "DOGET" daxildir.

Pre-akselerasiya proqramında iştirak edən layihələrin gələcəkdə müxtəlif beynəlxalq proqramlarda iştirakına hədəflənərək, layihələrin inkişafı beynəlxalq startap meyarlarına uyğun aparılıb.

Qeyd edək ki, "İŞIQ" layihəsi bir sıra beynəlxalq universitetlərlə, o cümlədən Arizona Dövlət Universiteti və Kanadanın Britaniya Kolumbiyası Universiteti ilə strateji əməkdaşlıq və tərəfdaşlıq müstəvisində ilkin danışıqlara başlayıb.