• 1 İyun 2020
logo
"AzerGold" 12 mln. dollarlıq qızıl-gümüş ixrac edib

"AzerGold" 12 mln. dollarlıq qızıl-gümüş ixrac edib

“AzerGold” QSC koronavirus pandemiyası dönəmində bütün sahələr üzrə fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və təlimatlarına uyğun qaydada, fasiləsiz olaraq davam etdirir.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, hasilat, geoloji kəşfiyyat, inşaat eləcə də digər fəaliyyət sahələrində işlər plana uyğun, tam qrafik üzrə icra edilir.

“AzerGold” QSC pandemiya ilə əlaqədar ölkədə müntəzəm uçuşlara qoyulan məhdudiyyətin davam etdirildiyi bir məqamda dünya bazarlarında qiymətli metalların kəskin qiymət artımını nəzərə alaraq ixrac üçün alternativ daşınmaya müraciət edib. Beləliklə, yerli hava daşıyıcı şirkətinin təklif etdiyi əlverişli şərtlər əsasında çarter reysi vasitəsilə həyata keçirilən ixrac nəticəsində Çovdar filiz emalı sahəsində istehsal edilmiş 36 ədəd qızıl-gümüş tərkibli xəlitə saflaşdırılma və satış məqsədi ilə İsveçrəyə göndərilib.

İxrac nəticəsində 6 769,37 unsiya qızıl, 15 758,29 unsiya gümüşün satışından ümumilikdə 12 165 755,02 ABŞ dolları (20 681 783,53 AZN) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.

Qeyd edək ki, baş tutan ixrac əməliyyatı nəticəsində qızılın 1 unsiyası 1756.80 ABŞ dolları (2 986,56 AZN), gümüş isə 17,34 dollar (29,49 AZN) dəyərində satılıb. Bu, “AzerGold” QSC-nin fəaliyyəti dövründə ən yüksək hədd və nəticədə 1 unsiya üzrə bu günə qədər əldə edilmiş ən yüksək məbləğ hesab olunur.