• 25 Noyabr 2020
logo
Nazirlik: "OPEC+" razılaşmasını bütün ölkələr tam təmin edə bilməyəcək

Nazirlik: "OPEC+" razılaşmasını bütün ölkələr tam təmin edə bilməyəcək

Neft hasilatının azaldılmasına dair razılaşmanın şərtlərini bütün "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) ölkələri 100% təmin edə bilməyəcək.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika nazirinin müavini Pavel Sorokin deyib.

Onun sözlərinə görə, bununla yanaşı, bazar şərtləri razılaşma tərəflərinə istehsalı azaldılmaq üçün təkan verəcək: "Yəqin ki, bütün ölkələr razılaşmanı 100% təmin edə bilməyəcək, çünki bir sıra ölkədə istehsalın 50%-dən çoxuna sahib olan beynəlxalq şirkətlərin iştirakı olduğunu bilirik. Lakin hamının bunu təmin etmək üçün səy göstərəcəyinə ümid edirik".

P. Sorokin onu da əlavə edib ki, Rusiya Federasiyası "OPEC+" razılaşması çərçivəsində neft hasilatının maksimum azaldılmasına qısa bir zamanda nail olacağını gözləyir. Eyni zamanda Rusiya şirkətləri neft hasilatını kifayət qədər tez bərpa edə biləcək, bəzi şirkətlər üçün bu proses bir neçə həftə çəkəcək.

Xatırladaq ki, bu ilin aprel ayında bazarın tarazlaşdırılması məqsədi ilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.