• 1 Mart 2024
logo
“Korrupsiya və rüşvətxorluq cəmiyyətdə vətəndaşların hüquqlarının və azadlıqlarının təmin edilməsinə ciddi maneçilik törədir”

“Korrupsiya və rüşvətxorluq cəmiyyətdə vətəndaşların hüquqlarının və azadlıqlarının təmin edilməsinə ciddi maneçilik törədir”

Naqif Həmzəyev : “”Xalqın dövlətə etimadını azaldır”

Hikmət Babaoğlu: “Korrupsiyaya qarşı mübarizədə əsas silah əzm, iradə, ardıcıllıq və qətiyyətdir”

Prezident İlham Əliyevin Baş prokuror Kamran Əliyevi videoformatda qəbulunda Azərbaycanda həyata keçirilən islahatlar, əhalinin sosial müdafiəsi sahəsində görülən işlər, neqativ hallara qarşı mübarizənin gücləndirilməsi və qanunun aliliyinin təmin edilməsi sahəsində hüquq mühafizə orqanlarının qarşısında duran vəzifələr barədə danışdı...
Millət vəkili Naqif Həmzəyev “Xalq cəbhəsi”nə açıqlamasında bildirdi ki, cəmiyyət həyatının istənilən sahəsində inkişafın, fəaliyyət dinamizminin və ahəngdarlığının təmin edilməsi yeni yanaşmaların tətbiqini, daha dəqiq ifadə etsək zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir: “Qarşıya qoyulan hədəflərə daha sürətlə çatmaq üçün digər sahələrdə olduğu kimi ölkənin hüquq sistemininin də müasir çağırışlara adekvat olması vacibdir. Çünki məhz təkmil və şəffaf hüquq sistemi cəmiyyətdə sosial harmoniyanın, hüquqi bərabərliyin və vətəndaş məmnunluğunun təmin olunmasında mühüm rol oynayır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin respublikanın Baş Prokuroru təyin edilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə ən ümdə istiqamətlərdən biri oldu. Bu təyinat Azərbaycanda məhkəmə - hüquq sistemində aparılan islahatların yeni mərhələyə qədəm qoymasından xəbər verdi”.
N. Həmzəyev əlavə etdi ki, ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlardan da göründüyü kimi Prezident İlham Əliyev respublikamızın daha da inkişafı naminə islahatların əsas aparıcı sahələrdə kompleks şəkildə həyata keçirilməsini, bir-birini tamamlamasını zəruri hesab edir: “Cəmiyyətdə məhkəmə-hüquq sisteminə ən yüksək etimadın formalaşması, hər bir vətəndaşın ədalət mühakiməsinin məhz şəffaflığı, ədaləti təmin etməsinə tam əminliyi üçün həyata keçirilən hüquqi islahatlar bir-birini tamamlamlayan islahatların uğurlu davamıdır. Prokurorluq orqanlarında yenilənmə prosesi daimidir. Belə ki, bacarıqlı gənc kadrların irəli çəkilməsi, həyata keçirilən islahatların nəticəsi olaraq cəmiyyətimizdə prokurorluq orqanlarına inam və etimad daha da yüksəlib, prokurorluğun ictimai nüfuzu daha da artıb. Bu gün prokurorluq orqanları Prezident İlham Əliyevin respublikamızın yüksəlişinə xidmət edən siyasi kursunun uğurla reallaşması istiqamətində, cəmiyyətdə qanunçuluğun, ictimai-siyasi sabitliyin, əmin-amanlığın, hər kəsin hüquq və mənafeyinin qorunmasına əzmlə xidmət edir. Bu da sözsüz ki, cəmiyyətimiz, vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır”.
Millət və vəkili bildirdi ki, korrupsiya və rüşvətxorluq cəmiyyətdə vətəndaşların hüquqlarının və azadlıqlarının təmin edilməsinə ciddi maneçilik törədir, xalqın dövlətə etimadını azaldır: “Eyni zamanda hüquqi dövlət quruculuğuna kölgə salır. Korrupsiya bütün bəşəriyyət üçün bəla hesab olunur və ona görə də bütün dünya ölkələri korrupsiyaya qarşı amansız mübarizə aparırlar. Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparan ölkələrdəndir. Respublikamızda cinayət törədən istənilən şəxs məsuliyyətə cəlb olunur və layiqli cəzasını alır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlar Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun kökünü birdəfəlik kəsilməsinə hədəflənib. Son günlərdə Ağstafa, Yevlax, Biləsuvar və İsmayıllı rayonlarında əməliyyatların keçirilməsi, icra hakimiyyəti başçıları, inzibati ərazi nümayəndəliklərinin vəzifəli şəxsləri tərəfindən qanunazidd əməllərə yol verilməsinin qarşısının alınması bir daha onu göstərdi ki, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna mane olan mənfi amillər qətiyyətlə aradan qaldırılır. Əminik ki, korrupsiyaya və rüşvətxorluğa qarşı daha sərt mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək. Dövlət Başçısının məmurlara ciddi xəbərdarlıqları, aparılan əməliyyatlar qanunların aliliyinin vəzifəsindən və səhiyyətlərindən asılı olmayaraq hər kəsdən üstün olduğunun təsdiqidir”.
"Korrupsiyaya qarşı mübarizədə əsas silah əzm, iradə, ardıcıllıq və qətiyyətdir”-deyən Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu bildirdi ki, hazırda Azərbaycanda korrupsiyaya qarşı mübarizədə daha səmərəli nəticələr əldə etmək üçün ali siyasi iradə və qətiyyət mövcuddur: “Azərbaycan Prezidentinin əzmkarlığı, qətiyyəti və ardıcıl mübarizə tədbirləri ölkəmizdə korrupsiya və rüşvətin sonunu gətirməkdədir. Son bir neçə ayda DTX tərəfindən həyata keçirilən operativ əməliyyat tədbirləri sadəcə qanun pozuntusuna yol vermiş aşağı və orta ranqlı məmurların cəzalandırılması hadisəsi deyil, həm də başqalarının nəticə çıxarmalı olduğu yaxşı bir dərsdir. Hamı dərk etməlidir ki, istənilən qanun pozuntusu mütləq təsbit ediləcək və layiqli şəkildə cəzalandırılacaq. Ancaq bu hələ məsələnin yalnız bir tərəfidir”.
Millət vəkili vurğuladı ki, sadəcə inzibati metodlarla yaxud yuxarıdan aşağı tətbiq edilən şaquli tədbirlərlə korrupsiya və rüşvətxorluğa qarşı qısa müddətdə arzu olunan nəticə əldə etmək bir qədər çətindir: “Mübarizəni daha effektiv etmək üçün mütləq ictimai qınaq və ictimai dəstək kimi mühüm faktorlar da korrusiyaya qarşı mübarizədə iştirakçıya çevrilməlidir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev vaxtaşırı bu məsləyə toxunaraq ictimai nəzarət və ictimai qınaq faktorlarını xatırladır. Burada məqsəd korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə kütləviliyi və ümumi ictimai mənafelər naminə mübarizliyi təmin etməkdir. Çünki ictimai nəzarət yol verilmiş qanun pozuntularının aşkar edilməsində əlavə informasiya mənbəyi kimi çıxış etməklə müvafiq orqanları faydalı məlumatlarla təmin edə bilər. İctimai qınaq isə ən səmərəli çəkindirici vasitələrdən biridir. Ona görə də korrupsiya və rüşvətxorluq kimi ümumi bəlaya qarşı kütləvi şəkildə mübarizə aparmaq üçün mütləq ictimai qınaq və ictimai dəstək kimi faktorlar da prosesin tərkib hissəsinə çevrilməlidir. Belə olarsa, daha tez və daha yaxşı nəticələri qısa müddətdə əldə edə bilərik".
Analitik Turab Rzayev dedi ki, Azərbaycan Prezidentinin son çıxışında açıq – aydın ifadə edildi ki, hökumət hüquq- mühafizə orqanlarında islahat aparılmasının zəruriliyini anlayır və bu islahatları artıq təxirə salmaq fikrində deyil:” Prezident bildirdi ki, nəinki hüquq-mühafizə orqanlarında ümumiyyətlə, cəmiyyətdə korrupsiya və rüşvət olmamalıdır. Və bundan sonra da bu istiqamətdə rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparılacaq. Dövlət başçısı açıq-aydın, dövrün tələblərinin dəyişdiyini, yeni dövdə rüşvətə heç bir halda göz yumulmayacağını bəyan etdi. Əgər hansısa bir məmur dövrün tələblərini qavraya bilmirsə, müasir idarəçilik metodları, müasir dövrün tələblərinə uyğun öz işini qura bilmirsə, onda yaxşı olardı ki, o özü könüllü şəkildə istefa versin və dövlət işindən uzaqlaşsın. DTX-nın keçirdiyi əməliyyatlarda da əsas vurğunun rüşvət, korrupsiya, əhaliyə yönəldilməsi vacib olan sosial vəsaitlərin talanması olduğu bur daha üzə çıxır. Rüşvətxorluğu standart həyat tərzinə çevrilmiş insanlar, artıq qanuni məsuliyyətdən boyun qaçıra bilməyəcəklər. Azərbaycan cəmiyyətində tədricən rüşvət və korrupsiyanın kökü kəsilməlidir. Rüşvətxorluq üsullarını davam etdirmək üçün meydan həm inzibati, həm institutional yollarla, həm də sərt cəza tədbirləri ilə daraldılmalı, nəhayət bütün ölkənin inkişafına əngəl törədən bu bəla birdəfəlik məhv edilməlidir. Rüşvətin kökü kəsilməlidir”.

Əli