• 27 Noyabr 2020
logo
Nazir: "Bu il dünyada neftə gündəlik tələbat 10,3 mln. barel azala bilər"

Nazir: "Bu il dünyada neftə gündəlik tələbat 10,3 mln. barel azala bilər"

Bu ilin I rübündə dünyada neftə olan gündəlik tələbatın 15-25 mln. barel, 2020-ci ildə isə 10,3 mln. barel həcmində azalması gözlənilir.

Energetika Nazirliyindən verilən məlumata görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov deyib.

“Elə bir vəziyyətdə "OPEC+" ölkələri, o cümlədən Azərbaycan üzrə öhdəliklərin yerinə yetirilməsi neft bazarına ilk dəstəyi təmin edəcək. Neft bazarının sabitləşdirilməsi üçün milli və qlobal səviyyədə nümayiş etdirilən həmrəyliyin nəticələri tədricən neftin qiymətində də öz əksini tapacaq”, - deyə P. Şahbazov qeyd edib.

Nazir onu da əlavə edib ki, Azərbaycanda hasilatın azaldılması ilə bağlı bu tədbirlərdə məqsəd həm də SOCAR və ölkəmizdə fəaliyyət göstərən digər neft istehsalçılarının, nəticədə dövlətin gəlirlərinin artırılmasına nail olmaqdır.

"Azəri-Çıraq-Dərinsulu Günəşli" yataqlarında (AÇG), "Azneft" İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması tədbirləri Azərbaycanın öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək, P. Şahbazov bildirib.

Bu gündən "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) ölkələri tarixdə ən genişmiqyaslı neft hasilatı azaldılmasına başlayıblar.

Xatırladaq ki, bu ilin aprel ayında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

Qeyd edək ki, Azərbaycan da bu gündən neft hasilatı ilə bağlı öhdəliklərin icrasına başlayıb.

Məlumata əsasən, yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq hasilatın azaldılması kvotaları SOCAR-ın neft və qazçıxarma qurumlarının və ölkəmizdə hasilatın pay bölgüsü sazişləri, habelə bu qəbildən olan müqavilələr üzrə fəaliyyət göstərən neft istehsalçılarının hasilat həcmlərinə proporsional qaydada bölüşdürülüb. 2018-ci ilin oktyabr ayında gündəlik neft hasilatının AÇG üzrə 567 min barel, "Azneft" İB üzrə 125 min barel, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə isə 26 min barel təşkil etdiyini nəzərə alaraq, hasilatın bu səviyyələrdən cari ilin may-iyun aylarında 23%, iyul-dekabr aylarında 18%, 2021-ci ilin yanvar – 2022-ci ilin apreli dövründə isə 14% azaldılması nəzərdə tutulur. Eyni zamanda qeyd edilməlidir ki, bu rəqəmlər yuvarlaqlaşdırılıb, müxtəlif hasilat quyularından çıxan neftin ton/barel çevirmə əmsalları fərqlənir və kondensat həcmlərinin azaldılması öhdəliklərə daxil deyil.