• 23 Noyabr 2020
logo
"OPEC+" ölkələri tarixdə ən genişmiqyaslı neft hasilatı azaldılmasına başlayıb

"OPEC+" ölkələri tarixdə ən genişmiqyaslı neft hasilatı azaldılmasına başlayıb

Paylarına qlobal neft hasilatının təqribən 40%-i düşən "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) ölkələri bu gündən (mayın 1-dən) etibarən neft bazarında kollaps vəziyyətinin yaranmasının qarşısını almaq məqsədilə gündəlik neft hasilatını, demək olar ki, 10 mln. barel azaldacaq.

Hasilatın azalması misli görünməmiş həcmləri əhatə edir. Belə ki, yeni razılaşmaya daxil olan hər bir ölkə qiymətlərin stabilləşdirilməsi məqsədilə may-iyun aylarında hasilatları təxminən 20% “ianə” edəcək.

Xatırladaq ki, bu ilin aprel ayında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

Qeyd edək ki, Azərbaycan da bu gündən neft hasilatı ilə bağlı öhdəliklərin icrasına başlayıb.