• 4 Dekabr 2024
logo
“Bu, ölkəmiz üçün vacib və strateji qərarlardan biridir”

“Bu, ölkəmiz üçün vacib və strateji qərarlardan biridir”

“Laçın şəhəri yalnız iqtisadi potensialı, eləcə də strateji mövqeyinə görə deyil, eyni zamanda, tarixinə və mədəni ənənələrinə görə seçilən şəhərlərimizdəndir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı danışarkən deyib. O əlavə edib ki, 2025-ci ildə Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması bölgəmizin bütövlükdə regional mədəniyyətə həm mövcud, həm də potensial töhfəsini xarakterizə edən faktorlardandır: “Həmçinin bu həm də birmənalı şəkildə Azərbaycanın haqq işinin və əldə etdiyi zəfərin məhz region tərəfindən qəbul edilməsidir. Nəzərə alsaq ki, Azərbaycanın qədim şəhərlərindən olan Laçın şəhəri və bütövlükdə Laçın rayonu uzun müddət erməni işğalında qalıb. Praktik olaraq rayon dağıdılıb, mədəni, tarixi abidələrinə ciddi ziyan vurulub”.
Deputat Laçının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib: “Bölgədə həm sürətli məskunlaşma prosesi gedir, həm də tarixi və mədəni abidələrimizin bərpası yönündə işlər həyata keçirilir. Bu, bütövlükdə Şərqi Zəngəzurun tanıdılması baxımından vacibdir. Çünki bu, mədəni bir layihədir. Bu, eyni zamanda, strateji və iqtisadi əhəmiyyət daşıyır. Bölgənin tanıdılmasına, bölgəyə sərmayənin, turistlərin cəlb edilməsinə xüsusi töhfə verir. Ona görə də bu, yalnız Şərqi Zəngəzur üçün deyil, ölkəmiz üçün vacib və strateji qərarlardan biridir”.

Röya İsrafilova