• 22 Sentyabr 2020
logo
Azərbaycanda qadın sahibkarların sayı üç dəfəyə qədər artıb

Azərbaycanda qadın sahibkarların sayı üç dəfəyə qədər artıb

Son yeddi ildə Azərbaycanda qadın sahibkarların sayı üç dəfəyə qədər artıb.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya deyib.

Onun sözlərinə görə, 2012-ci ildə qadın sahibkarların sayı 74 minə yaxın, 2019-cu ildə isə 196 mindən çox olub. Son yeddi ildə qadın sahibkarların sayının artması ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması, onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir.

S.Talışinskaya qeyd edib ki, əsas məqsəd qadınlarda özünə inam hissini artırmaq, onların həm öz icmasına, həm də cəmiyyətə töhfə verə bilməsinə şərait yaratmaqdır. Buna nail olmaq üçün kiçik və orta biznesin dəstəklənməsi prosesində gender ehtiyaclarının ödənilməsi üçün kompleks qiymətləndirmələr aparılır.

Komitə rəsmisi hesab edir ki, ölkədə qadınların real olaraq iqtisadi hüquqlarının həyata keçirilməsi, habelə sahibkarlığın inkişafı sahəsində həyata keçirilən tədbirlərin qadınlara təsiri ilə bağlı əlavə araşdırmaların və təhlillərin aparılmasına ehtiyac var.

Onun fikrincə, qadınların iqtisadi resurslara əlçatanlığı ilə bağlı statistik məlumatların toplanması və qadınlara düzgün yönəldilməsi sahəsində işlər gücləndirilməlidir.

Qadınların səlahiyyətləndirilməsi istiqamətində ən vacib məsələlərindən biri onların iqtisadi asılılığının azaldılması olduğunu deyən komitə səlahiyyətli qeyd edib ki, qadın sahibkarlığının inkişafı və stimullaşdırılması məqsədilə regionlarda qadın sahibkarlara biznesin formalaşdırılmasında və idarə olunmasında dəstəyin göstərilməsi ilə bağlı tədbirlər gücləndirilib.

Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın Əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi; aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi bəndləri çərçivəsində qadınlar arasında məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlər həyata keçirilməsi nəzərdə tutulub.