• 1 Noyabr 2020
logo
Koronavirusla əlaqədar sərhədlərin bağlandığı vaxtda İranla Azərbaycan arasında ticarət mübadiləsi davam edir - Cavad Cahangirzadə

Koronavirusla əlaqədar sərhədlərin bağlandığı vaxtda İranla Azərbaycan arasında ticarət mübadiləsi davam edir - Cavad Cahangirzadə

İranla Azərbaycan arasında Biləsuvar və Astara gömrük-sərhəd məntəqələri vasitəsi ilə Azərbaycan və bölgənin digər ölkələrinə məhsul ixrac edilməkdədir. Bu iki sərhəd gömrük məntəqəsi önəmli tranzit yollarına çevrilib. Hətta koronavirusun yayılmasına görə, sərhədlərin bağlandığı vaxtda iki ölkə arasında ticarət mübadilələri davam edir.

Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə açıqlamasında deyib.

Səfirin sözlərinə görə, İran və Azərbaycan nəqliyyat sektorunda, xüsusilə də dəmiryol sahəsində böyük potensiala sahibdirlər. Şimal-Cənub Dəhlizi üzrə İranda dəmiryol proyektində işlər sürətlə davam etdirilir. Bu dəmir yolunun istismara verilməsi ilə bir çox kənar dəmiryolları da bu yola qoşula bilər. Bununla da məhsul nəqli artmasına və vətəndaşların keçidinin asanlaşmasına şərait yarana bilər.

C.Cahangirzadə bildirib ki, son illərdə Azərbaycan və İran arasında ikitərəfli iqtisadi münasibətlər yüksələn xətt üzrə inkişaf edib. İqtisadi və ticarət mübadilələrinin potensialı qat-qat yuxarıdır: “Ümid edirik ki, iki ölkə arasındakı nəzərdə tutulan layihələrin həyata keçirilməsi ilə iqtisadi münasibətlər daha da inkişaf edəcək. Ötən ildə bir sıra effektiv addımlar atılıb və İranın Gilan vilayətində Astara dəmiryol terminalında inşa işlərinin başa çatması ilə bu terminal tam şəkildə fəaliyyətə başlayacaq”.

Səfir əlavə edib ki, Azərbaycan və İran arasında hərtərəfli münasibətlərin inkişaf etdirilməsi məqsədilə çox önəmli layihələr icra olunur. Bunlardan biri İranın Ərdəbil vilayətində birgə sənaye parkının yaradılmasıdır. Bu layihə ilə əlaqədar ilkin müzakirələr aparılır: “Bir neçə ay öncə İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcunun Bakıya səfərində sənaye parkı ilə əlaqədar müzakirələr aparıldı. Hər iki tərəfdə işçi qrupunun yaradılması və bu layihənin icra olunması üçün ilkin araşdırmaların başlanması üzrə razılıq əldə olundu”.