• 22 İyul 2024
logo
Qeyri-neft sektorundan vergi yığımları artır

Qeyri-neft sektorundan vergi yığımları artır

2024-cü ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 499 milyon manat vergi daxil olub. Dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard manatdan çox vəsait ödənilib. Qeyri-neft-qaz sektorundan daxilolmalar 5,2 milyard manatdan çox olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 634,7 milyon manat və ya 13,8 faiz çoxdur. Ödənilən vergilərin 69,9 faizi qeyri-neft-qaz sektorunun, 30,1 faizi isə neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft sektorundan vergi yığmlarının artması diqqət çəkən məqamdır. Bu, məntiqlə bu sektorda əlavə dəyərin yaranmasında artımla birbaşa bağlı olmalı, digər tərəfdən iqtisadiyyatın “ağardılması” siyasəti, kölgə iqtisadiyyatının şəffaflaşdırılması ilə əlaqələndirilə bilər. Digər mühüm bir məqam ondan ibarətdir ki, sahibkarların da sayında artım var. Ölkədə vergi ödəyicilərinin sayında artım müşahidə edilir ki, bu da yaxşı tendensiya hesab oluna bilər. Belə ki, 2024-cü il aprel ayının 1-nə respublika üzrə uçotda olan 1,538 milyon vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,4 faiz (ümumi artımın 86,5 faizi), hüquqi şəxslərin sayı isə 8 faiz (ümumi artımın 13,5 faizi) artıb. Vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 faiz olub. Kommersiya qurumlarının sayı 179.026 vahid təşkil edib və 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artıb.
2024-cü ilin yanvar - mart aylarında 2.825 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 2.544-ü (90,1 faiz) yerli investisiyalı, 281-i (9,9 faiz) xarici investisiyalı qurumlardır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 2.198-i (77,8 faizi) elektron qaydada, 627-si (19,3 faizi) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onların 738-nin (ümumi qeydiyyatın 22,2 faizinin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib. Yanvar - mart ayları ərzində qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 86,8 faiz təşkil edib. Kommersiya qurumlarının 2.198-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 1.892-si Asan imza, 306-sı yeni üsul ilə edilmiş müraciətlər əsasında qeydə alınıb. Dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 36134 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,5 faiz təşkil edib.
Bunlarla yanaşı, Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 98.346 ədəd yeni nəsil NKA quraşdırılıb. Belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2024-cü ilin yanvar-may ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 9 milyard 355,6 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 864,4 min manatdan, yaxud 10,2 faizdən çoxdur.
Nağdsız ödəmələrin xüsusi çəkisi də yüksəlir ki, bu da qeyri-neft sektorundan vegi yığımlarının artımına təsir edir. Bu ilin yanvar-may ayları ərzində pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də səhiyyə müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 74,02 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb. “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. Bundan başqa, ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin “ƏDV geri al” layihəsi çərcivəsində qaytarılan həcmi yanvar-may aylarında 8 milyon 169,2 milyon manat təşkil edib.
2024-cü il iyunun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,7 faiz artaraq 775 min, aktiv ƏDV ödəyicilərinin sayı 6,7 faiz artaraq 48,8 min təşkil edib. Aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 1,4 faiz artıb və 207,4 min olub. Yanvar-may aylarında 250 mindən çox Asan İmza sertifikatı verilib. Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 289.929 şəxs qəbul edilib və onlara 437.692 sayda xidmət göstərilib. Göstərilən xidmətlərin 164 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 96 mindən çoxu isə elektron xidmətlərə (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) aiddir. Ümumi elektron xidmətlərin 89,1 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib: bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi; vergi ödəyicisinin fəaliyyətinin dayandırılması; sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi; asan İmza sertifikatlarının verilməsi; fiziki şəxsin uçota alınması və yenidən uçota alınması; vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi; vergi ödəyicisinə arayışların verilməsi; vergi ödəyicisinin fəaliyyətinin bərpası; fiziki şəxsin uçotdan çıxarılması. Vergi ödəyicilərindən daxil olmuş 15 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 5 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. 2598 vergi ödəyicisinin iştirakı ilə 143 görüş keçirilib, 2.371 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 257 mindən çox SMS göndərilib.
Bunlarla yanaşı, 5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 437.194 vahid artıb və 2024-cü il aprelin 1-nə 1.839.109-a çatıb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 386.253 vahid artaraq 926.175 olub. 2024-cü ilin birinci rübü ərzində qeyri-neft sektorunun özəl bölməsində 28.231 yeni əmək müqaviləsi bağlanıb.
Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, məlum islahatlardan sonra Naxçıvanda da aktiv vergi ödəyicilərinin sayı çoxalır. Naxçıvan Muxtar Respublikasında 1 iyun 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 17,8 faiz artaraq 18.258 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 18,2 faiz artıb və 506 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 7,2 faiz artaraq 5709-a çatıb. Bu ilin əvvəlindən Naxçıvan Muxtar Respublikasında 2926 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 2.790-ı fiziki şəxslər, 136-sı isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 19,1 faiz artıb. Cari ilin birinci 5 ayında kommersiya qurumlarının 72,3 faizi elektron qaydada, 27,7 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.
Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi də yüksəlir. Bu ilin yanvar-may aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 16.518 şəxs qəbul edilib. Vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 21.395 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur. Vergi ödəyiciləri ilə 42 görüş keçirilib, 305 sayda ünvanlı xidmət göstərilib, 4098 Asan İmza sertifikatı verilib. Bu ilin 5 ayında Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 15.345 şəxs qəbul edilib və onlara 20.046 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.

Mahir Həmzəoğlu