• 21 İyun 2024
logo
Qaz hasilatı və ixracı artır

Qaz hasilatı və ixracı artır

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Türkiyəyə səfəri çərçivəsində bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşü keçirilib, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində əməkdaşlıq Sazişi” imzalanıb. Sazişə əsasən Azərbaycan və Türkiyə bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi və enerji təchizatı mənbələrinin şaxələndirilməsi üzrə əməkdaşlığı dərinləşdirəcək. Sənədin qaz hasil, nəql və istehlak edən ölkələr, onların vətəndaşları və müəssisələri üçün qarşılıqlı fayda verəcək.
Bu qış təbii qazın Türkiyə ərazisi (İğdır-Naxçıvan boru kəməri) vasitəsilə Naxçıvan Muxtar Respublikasına nəql olunacağı gözlənilir. Trend xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda Türkiyə və Azərbaycan arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişinin imzalanma mərasimində deyib:"Ümid edirəm ki, bu qış təbii qaz Türkiyə ərazisi vasitəsilə Naxçıvana tədarük olunacaq. Bu boru kəmərini mümkün qədər tez bir zamanda işə salmağı planlaşdırırıq". Azərbaycan və Türkiyə 15 dekabr 2020-ci il tarixində İğdır-Naxçıvan qaz kəməri üzrə Anlaşma Memorandumu imzalayıb. Layihə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti tərəfindən icra olunacaq. İğdır-Naxçıvan kəməri təkcə Naxçıvanın qaz təchizatını şaxələndirməyə imkan verməyəcək, həm də onun bir mənbədən asılılığını aradan qaldıracaq. Layihə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasına daxil edilib. İğdırdan Sədərək rayonuna qədər olan boru kəmərinin uzunluğu 97,5 kilometr, o cümlədən Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri sutkada 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz nəql etmək gücündədir. Bununla Naxçıvanın qaza olan ehtiyacı tam qarşılanacaq.Gələcəkdə boru kəmərinin gücü iki dəfədən çox artırıla bilər. 2023-cü il sentyabrın 25-də qaz kəmərinin təməlqoyma mərasimi olub.
Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə nəqli ilə bağlı razılıq da əldə olunub. Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib ki, bu nümunəvi əməkdaşlıqla Türkiyə və Azərbaycan həm öz təchizat təhlükəsizliyinə həm də Avropanın enerji təchizatı təhlükəsizliyinə əhəmiyyətli töhfə verir: “Xüsusən də bu gün imzaladığımız müqavilə ilə təbii qaz sahəsində əlaqələrimiz yeni səviyyəyə çatır. Bu müqavilə çərçivəsində 2030-cu ilə qədər Azərbaycandan Türkiyəyə əlavə qaz həcmlərinin çatdırılmasını, təbii qazın bir hissəsinin isə Türkiyə üzərindən Avropaya çatacağını proqnozlaşdırırıq. Lakin mühüm məsələ ondan ibarətdir ki, biz bu razılaşma nəticəsində Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə nəqli ilə bağlı razılığa gəldik".
Müsbət haldır ki, Azərbaycanda hər il qaz hasilatı və ixracı artır. 2024-cü ilin yanvar - aprel ayları üzrə operativ məlumatlara əsasən, 4 ay ərzində respublikada 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 9,2 milyard kubmetri “Şahdəniz”, 0,5 milyard kubmetri “Abşeron”, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 0,5 milyard kubmetr artımla qaz hasil edilib.
4 ay ərzində xaricə qaz satışı 8,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur. Avropaya 4,2 milyard kubmetr, Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 1,8 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 may 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 220,7 milyard kubmetr, “Şahdəniz”dən isə 218,3 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 155,2 milyard kubmetri ixraca nəql edilib.
Ancaq bunlarla yanaşı, ölkədə neft hasilatında azalma meyilləri var. 2024-cü ilin yanvar - aprel aylarında ölkədə 9,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 5,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 mln tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,5 milyon ton təşkil edib. Bu dövrdə 7,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,9 milyon tonu konsorsiumun, 1 milyon tonu isə SOCAR-ın payına düşüb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 may 2024-cü il tarixinədək 636,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 590,2 milyon ton neft, “Şahdəniz”dən isə 46 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 may 2024-cü il tarixinədək təqribən 634,2 milyon tonu ixraca nəql edilib. Hesabat dövründə neft emalı 2,2 milyon tona yaxın təşkil edib.
Ölkəmizdə son 10 ildə neft hasilatı azalmağa, qaz istehsalı isə artmağa başlayıb. Belə ki, Azərbaycanda neft istehsalı 2010-cu ildə pik həddə çatıb və 50,8 milyon ton təşkil edib. 2011-ci ildən etibarən “qara qızıl” hasilatın azalmağa başlayıb 2011-ci il də 45,6 milyon, 2015-cu ildə 41,6 milyon, 2020-ci ildə 34,5 milyon, 2021-ci ildə 34,6 milyon ton təşkil edib. 11 ildə istehsal 15 milyon ton azalıb ki, bu da heç də kiçik rəqəm deyil. Əvəzində isə qaz hasilatı artıb. Belə ki, 2021-ci ildə Azərbaycanda 43 milyard 863,5 milyon kubmetr qaz (artım 18,1%), 32 milyard 573,8 milyon kubmetr əmtəəlik qaz (artım 23%) hasil edilib.
2023-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara 17,8 milyon ton neft ixrac edilib. Bura şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Həmin dövrdə ölkə üzrə təbii qaz ixracı isə 6,9 faiz artaraq 23,9 milyard kubmetr təşkil edib. Bununla yanaşı, il ərzində ölkə üzrə 13,4 milyard kubmetr təbii qaz istehlak edilib. 2023-cü ildə SOCAR tərəfindən 6,3 milyon ton neft və 3,5 milyard kubmetr qaz emal edilib.
“Qara qızıl” hasilatının azalmasından itirdiklərimizi “mavi yanacaq” istehsalının və ixracının artırılması əvəzləyir. Proqnozlara görə, yaxın illər ərzində dünya bazarında qaza təlabatın artması gözlənilir ki, bu da növbəti illərdə qaz hasilatını və ixracını əhəmiyyətli dərəcədə artıracaq Azərbaycanın iqtisadi maraqlarına çavab verir. Neft hasilatının azaldığı, qiymətlərin kövrək olduğu bir vaxtda qazla bağlı belə nikbin proqnozlar lap yerinə düşür, “qara qızıldan” itirdiklərimizi “mavi yanacaq” ixracının artırılması əvəzləyə bilər. Təbii qazın 2025-ci ilədək qlobal enerji səbətində kömürü üstələyəcəyi və 2047-ci ildə ən çox istifadə olunan enerji mənbəyinə çevriləcəyi gözlənilir. Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında bildirilir ki, bir çox ölkə tərəfindən təbii qaza təmiz enerji növü kimi daha çox üstünlük veriləcək. Bundan əlavə, təbii qaz bazarı regional bazar olmaqla yanaşı, ölkələr arasında əlaqələrin qurulmasında daha böyük rol oynayacaq. Elektrik enerjisi istehsalı və sənayedə istifadə təbii qaz tələbatındakı artımda əsas amil olacaq.
Azərbaycan qaz ixracı imkanlarını da genişləndirir. 31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə 1 milyard kubmetr həcmində qaz nəql olunur. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb. İndiyə kimi ixraca yönləndirilmiş 130 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə daha da şaxələndirilib. 27 il ərzində neft-qaz sektoruna 89 milyard dollar xarici sərmayə qoyulub.
Trans-Adriatik Boru Kəmərinin (TAP) yeni uzunmüddətli imkanları 2025-ci ilin sonlarında əlçatan olacaq. Boru kəmərinin imkanlarının artırılması üzrə bazar sınağının yekunlarına əsasən 2026-cı ildən 2028-ci ilin dekabr ayınadək əlavə olaraq 1,2 milyard kubmetr qaz nəqli üçün müraciət olunub. İkinci partiya isə 2026-cı ilin oktyabr ayından 2033-cü ilin sentyabr ayınadək nəql ediləcək. Biz 2025-ci ilin sonlarında əlçatan olacaq bu yeni uzunmüddətli imkanlarla qaz nəqli üzrə müqavilələr imzalayırıq. Bu həcmin 1 milyard kubmetri İtaliyanın payına düşür, 200 milyon kubmetr isə Albaniyaya nəql olunacaq. TAP-ın imkanları mərhələli şəkildə ikiqat artırılacaq.

Mahir Həmzəoğlu