Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri üçün Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin iştirakı ilə görüş təşkil edib.
Trend-in məlumatına görə, görüşdə Q.Təhməzli qida təhlükəsizliyi sahəsində görülən işlər, qarşıya qoyulan hədəflər barədə danışıb. Bununla yanaşı, tədbirdə bir neçə üzv şirkətin fəaliyyəti və xidmətləri barədə təqdimatlar nümayiş olunub. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə “AmCham”ın təxminən 100 üzvü və tərəfdaşı iştirak edib.
İlk olaraq Q.Təhməzli biznes sektoru nümayəndələri ilə birbaşa görüş imkanına görə öz minnətdarlığını ifadə edib, həmçinin, dəvət üçün “AmCham Azərbaycan”ın nümayəndələrinə, xüsusilə də “AmCham”ın Prezidenti Nuran Kərimova və İcraçı Direktor Natəvan Məmmədovaya öz təşəkkürünü bildirib. O, eyni zamanda qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərin qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı üzərinə düşən məsuliyyətlərini diqqətə çatdırıb.
Q.Təhməzli istehlakçıların təhlükəsiz və minimum keyfiyyət tələblərinə cavab verən qida məhsulları ilə təmin etməklə onların həyat və sağlamlıqlarının, habelə maraqlarının qorunmasının sahibkarların əsas öhdəliklərindən olduğunu vurğulayıb.
AQTA sədri, həmçinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərilən sahibkarlıq subyektlərinin Agentlik tərəfindən maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri görüş iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı, o “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın əsas strateji hədəflərindən birinin bu sahədə dövlət-özəl sektor əməkdaşlığının inkişafı ilə bağlı olduğunu qeyd edib.
Qeyd edək ki, “AmCham Azərbaycan” üzvlərinin işgüzar görüşləri Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, beynəlxalq maliyyə qurumlarının rəsmi şəxsləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.
“AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.