• 18 May 2024
logo
Artan vergi ödəmələri və vergidən yayınma halları

Artan vergi ödəmələri və vergidən yayınma halları

Ölkədə vergi ödəyicilərinin sayında artım müşahidə edilir ki, bu da yaxşı tendensiya hesab oluna bilər. Belə ki, 2024-cü il aprel ayının 1-nə respublika üzrə uçotda olan 1,538 milyon vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,4 faiz (ümumi artımın 86,5 faizi), hüquqi şəxslərin sayı isə 8 faiz (ümumi artımın 13,5 faizi) artıb. Vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 faiz olub. Kommersiya qurumlarının sayı 179.026 vahid təşkil edib və 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artıb.
2024-cü ilin yanvar - mart aylarında 2.825 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 2.544-ü (90,1 faiz) yerli investisiyalı, 281-i (9,9 faiz) xarici investisiyalı qurumlardır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 2.198-i (77,8 faizi) elektron qaydada, 627-si (19,3 faizi) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onların 738-nin (ümumi qeydiyyatın 22,2 faizinin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib. Yanvar - mart ayları ərzində qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 86,8 faiz təşkil edib. Kommersiya qurumlarının 2.198-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 1.892-si Asan imza, 306-sı yeni üsul ilə edilmiş müraciətlər əsasında qeydə alınıb. Dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 36134 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,5 faiz təşkil edib.
Bunlarla yanaşı, vergidən yayınma halları da var. Dövlət Vergi Xidməti tərəfindən 2024-cü ilin 1-ci rübü ərzində vergi ödəməkdən yayınma, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə yaradaraq xüsusilə külli miqdarda gəlir əldə etmə, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satılması və fiziki şəxslər tərəfindən pərakəndə satış obyektlərindən istehlak məqsədilə alınması istisna olmaqla, satış məqsədilə saxlama, idxal, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı faktları üzrə cəmi 230 cinayət işi başlanıb.
Yanvar – mart ayları ərzində əvvəlki ildən qalıq qalmış işlər nəzərə alınmaqla 23 cinayət işinin icraatına xitam verilib, 17 nəfər barəsində ittiham elan edilməklə 17 cinayət işi məhkəməyə göndərilib, nəticədə, 40 cinayət işinin ibtidai istintaqı tamamlanıb, 2 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış işlər üzrə dövlət büdcəsinə 3,1 milyon manat məbləğində vurulmuş ziyan bərpa edilib. Bundan əlavə, cari ilin 3 ayı ərzində istintaq olunan cinayət işləri üzrə ümumilikdə 3,3 milyon manat məbləğində vurulmuş ziyanın bərpası təmin edilib. Həmçinin, vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 1,4 milyon manat vəsait ödətdirilib.
Sahibkarlardan vergi borclarının alınmasına möhlət verilməsi mexanizmi də təkmilləşdirilib. Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri vergi borclarının yığılmasının effektivliyinin artırılması və bu məqsədlə vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Vergi öhdəliyinə möhlət verilməsi mexanizmi müasir iqtisadi şəraitə uyğunlaşdırılıb. Belə ki, Vergi Məcəlləsində vergi borcuna görə möhlət verilməsi mexanizmi sahibkarlıq subyektlərinin kateqoriyası üzrə borc məbləğindən asılı olaraq müəyyən edilmişdi. Məcəlləyə əsasən mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 2.000 manatdan, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20.000 manatdan və iri sahibkarlıq subyektinin borcu 100.000 manatdan az olarsa vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmırdı. Bu səbəbdən vergi borcu qeyd edilən məbləğlərdən az olan vergi ödəyiciləri möhlət hüququndan istifadə edə bilmirdilər.
İnzibatçılığın yüngülləşdirilməsi məqsədilə edilən dəyişikliyə əsasən bu məbləğlərin ümumiləşdirilərək sahibkarlıq subyektlərinin kateqoriyasından asılı olmayaraq 500 manat məbləğində müəyyən edilməsi təsbit olunub. Bununla da kreditləşdirilən minimum borc məbləğləri müvafiq olaraq 2000, 20 000 və 100 000 manatdan 500 manata endirilib ki, bu da bu alətdən faydalanmaq istəyən vergi ödəyiciləri üçün əlverişli imkan yaradır.
Digər tərəfdən, Vergi Məcəlləsinin 1 yanvar 2024-cü ilədək qüvvədə olan redaksiyasında mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20.000 manatdan, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 100.000 manatdan və iri sahibkarlıq subyektinin borcu 300.000 manatdan yuxarı olarsa, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması məqsədilə vergi ödəyiciləri tərəfindən müraciətə müvafiq sənədlərlə yanaşı əlavə olaraq bank zəmanəti, zaminlik və ya girov müqaviləsinin, yaxud əmlakın siyahıya alınmasına dair yazılı razılığın əlavə edilməsi tələb edilirdi. Dəyişikliyə əsasən, bu məbləğlər ümumiləşdirilərək sahibkarlıq subyektlərinin kateqoriyasından asılı olmayaraq 300 000 manat müəyyən edilir. Bu da bu alətdən faydalanmaq istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün inzibatçılığın sadələşdirilməsinə imkan verir.
Eyni zamanda, vergi borcuna möhlət verilməzdən əvvəl borc məbləğinin 10 faizini ödəməklə, vergi ödəyicisi möhlət aldıqdan sonra qarşılıqlı razılaşmaya uyğun olaraq vergi borcunu ödəmə niyyətinin olması ilə bağlı iradə ifadəsini nümayiş etdirmiş olacaq. Bu istiqamətdə digər bir dəyişiklik vergi ödəyicilərinin yaranmış borclarını birdəfəyə ödəmək imkanı olmadıqda yaranmış vergi borcuna möhlət verilməsi hüququndan istifadə edə bilməsinin işlək mexanizminin yaradılmasıdır. Bu məqsədlə Nazirlər Kabineti tərəfindən vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydası təsdiq ediləcək və bu alətdən istifadə edilməsi vergi ödəyiciləri tərəfindən borcların daha rahat şəkildə ödənilməsi imkanlarını yaratmış olacaq. Əlavə olaraq bu istiqamətdə bır sıra dəyişikliklər edilib. Dövlət satınalmalarından irəli gələrək və ya mövsümi işlərlə əlaqədar vergi borcuna möhlət verilməsi ilə bağlı müraciət edən vergi ödəyicisinin vergi orqanında uçotda olması tələb edilən müddət 3 ildən 2 ilə endirilib. Vergi ödəyicisi tərəfindən son bir il ərzində müddəti uzadılmış vergi öhdəliyi vaxtında yerinə yetirilmədikdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmır. Möhlət müddəti ərzində möhlət verilmiş borca münasibətdə borcun alınması ilə bağlı tədbirlər dayandırılıb.
Vergi ödəyicilərinin sayının artması özünü vergi daxilolmalarında da göstərir. Belə ki, bu ilin əvvəlindən qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında artım qeydə alınıb. 2024-cü ilin yanvar-mart ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 4 milyard 282 milyon manat vergi daxil olub. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% artaraq 2 mlrd. 914,2 mln. manata çatıb. Ödənilən vergilərin 68 faizi qeyri-neft-qaz sektorunun, 32 faizi isə neft-qaz sektorunun payına düşüb. 2024-cü il aprelin 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,8 faiz artaraq 768,1 minə çatıb. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 3,9 faiz artıb və 47,5 min təşkil edib. Aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 205,0 min olub.
Bunlarla yanaşı, 5 ilə yaxın bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 437.194 vahid artıb və 2024-cü il aprelin 1-nə 1.839.109-a çatıb. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 386.253 vahid artaraq 926.175 olub. 2024-cü ilin birinci rübü ərzində qeyri-neft sektorunun özəl bölməsində 28.231 yeni əmək müqaviləsi bağlanıb.

Mahir Həmzəoğlu