• 19 Sentyabr 2020
logo
Xalq artisti Qədir Rüstəmovun 85 illik yubileyi qeyd olunub

Xalq artisti Qədir Rüstəmovun 85 illik yubileyi qeyd olunub

Fevralın 29-da Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində görkəmli xanəndə, Xalq artisti Qədir Rüstəmovun 85 illiyinə həsr olunmuş yubiley konserti keçirilib. Konsertdə Qədir Rüstəmovun ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, mədəniyyət işçiləri iştirak ediblər.

Mədəniyyət Nazirliyindən bildirilib ki, əvvəlcə Qədir Rüstəmovun həyat və yaradıcılığından bəhs edən slayd nümayiş olunub. Tədbirin aparıcısı tanınmış jurnalist Fəxrəddin Hacıbəyli Qədir Rüstəmovun həyat yolundan, bənzərsiz ifaçılıq məharətindən, muğamlarımızın təbliği, tanıdılması və inkişafı naminə fədakar əməyindən danışıb. Bildirilib ki, Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub. Unudulmuş xalq mahnılarımızdan bir çoxu sənətkarın ifası ilə yenidən həyat qazanıb. Onun son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadıb. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun qızıl fondunda saxlanılır. Görkəmli xanəndənin milli musiqi mədəniyyəti sahəsində nailiyyətləri daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

Qədir Rüstəmov 2011-ci il dekabrın 13-də vəfat edib, ikinci Fəxri xiyabanda dəfn olunub.

Konsert proqramında Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov və gənc ifaçılar "Qarabağ" ansamblının müşayiəti ilə Qədir Rüstəmovun repertuarından mahnılar səsləndiriblər.

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Azərbaycan Yazıçılar İttifaqının üzvü Aqil Abbas Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafında Qarabağ muğam məktəbinin nümayəndələrinin rolundan danışıblar. Bildirilib ki, Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz dəst-xətti ilə seçilən sənətkarlardan olan Qədir Rüstəmov məlahətli səsi, özünəməxsus ifası ilə xalqın sevgisini qazanıb.

Sonda çıxış edən Qədir Rüstəmovun oğlu Mehdi Rüstəmov tədbirin təşkilatçılarına və bütün iştirakçılara minnətdarlığını bildirib.