• 24 Oktyabr 2020
logo
Gəncədə Şah Abbas karvansarasında əsaslı təmir və yenidənqurma işləri aparılıb

Gəncədə Şah Abbas karvansarasında əsaslı təmir və yenidənqurma işləri aparılıb

Gəncədə Şah Abbas karvansarası, Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı təmir və yenidənqurma işləri aparılıb.

Bunu Trend-ə özəl olaraq açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib. Onun sözlərinə görə, bu il də bir sıra tarixi abidələrin bərpasına vəsaitlər ayrılacaq:

“Son illər ölkəmizin zəngin mədəni irsinin qorunması, bərpa və konservasiyası, eləcə də təbliği istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Görülən işlər Prezident İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq etdiyi “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın tədbirlər Planına uyğun olaraq ötən il də davam etdirilib. Bu istiqamətdə atılan addımlar 2020-ci ildə də davam etdiriləcək. Bunu fevralın 3-də Prezident İlham Əliyev “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunları”na həsr olunan konfransda bir daha diqqətə çatdırıb. Dövlət başçısı tarix-mədəniyyət abidələrinin qorunmasına, bərpa və konservasiyasına böyük diqqətlə yanaşır”.

Z.Sultanov qeyd edib ki, bu sahədə idarəçiliyin təkmilləşdirilməsi, yeni qoruqların yaradılması da diqqət mərkəzində saxlanılır:

“Prezident İlham Əliyev ötən il “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Dövlət Xidmətinin beş regional idarəsinin yaradılmasını nəzərdə tutan bu fərmanla yeni yaradılacaq regional idarələr dövlət mühafizəsində olan daşınmaz tarixi və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirəcək, idarəetmənin səmərəliliyini təmin edəcək. Daşınmaz tarixi və mədəniyyət abidələrinin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkili, bu sahədə müasir texnologiyanın və aparıcı beynəlxalq təcrübənin tətbiqi, eləcə də tarixi və mədəniyyət abidələrinin genişmiqyaslı tədqiqi təmin ediləcək”.

Dövlət Xidmətinin rəisi vurğulayıb ki, ölkə başçısının “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” 22 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir şəhəri”, Ağsu rayonunun tarixi ərazisi “Orta Əsr Ağsu şəhəri” və “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruqları elan edilib:

“İndi bizim əsas məqsədimiz ölkə üzrə tarixi-mədəniyyət abidələrinin və qoruqların mühafizəsi, bərpa olunması, təbliği, onların fəaliyyətinin daha da effektiv, müasir tələblər səviyyəsində təşkil edilməsidir. Bura həm ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlər daxildir.

Hazırda Qazax rayonunda yerləşən “Sınıq körpü”, Şabran rayonunda yerləşən “Çıraqqala” abidələrində bərpa-konservasiya, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Ötən illər də isə bir çox abidələrimizdə, o cümlədən Gəncədə Şah Abbas karvansarası, Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bu il də bir sıra tarixi abidələrin bərpasına vəsaitlər ayrılacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində söyləyib ki, bu il tarixi abidələrin bərpası üçün dövlət investisiya proqramında vəsait ayrılıb: "Biz buna da diqqət yetirməliyik. Bizim əsas tarixi abidələrimizin hamısı bərpa olunubdur, konservasiya edilibdir. Ancaq Azərbaycanda bir çox tarixi abidələr var və onların hər biri bizim üçün əzizdir. Ona görə bu tarixi abidələrin bərpası, onların əsl vəziyyətinə çatdırılması və bəzi hallarda konservasiyası xüsusi əhəmiyyət daşıyır. Bu məsələlərə maksimum diqqət göstərilməlidir".