• 26 May 2020
logo
Beynəlxalq Muğam Mərkəzində “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edildi

Beynəlxalq Muğam Mərkəzində “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edildi

Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edildi.

Trend-in məlumatına görə, layihənin budəfəki konserti Xalq artisti, “Şöhrət” ordenli görkəmli xanəndə Əlibaba Məmmədovun 90 illiyinə həsr olunmuşdu.

Konserti izləyənlər sırasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və tanınmış incəsənət xadimləri var idi.

Konsertdən əvvəl Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova layihənin əhəmiyyəti və ustad xanəndə Əlibaba Məmmədovun yaradıcılığı ilə bağlı fikirlərini bölüşdü. Prorektor muğam sənətimizin təbliğində dövlətin müstəsna qayğısını qeyd edərək yeni ifaçı nəslinin yetişməsində Azərbaycan Milli Konservatoriyasının professor və müəllim heyətinin rolundan söz açdı. Vurğulandı ki, artıq 7-cı dəfə həyata keçirilən “Gəncləşən muğam” layihəsi muğam ustadları yetirmələrinin konserti olaraq yeni ifaçı nəslinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Layihənin növbəti konsertinin ustad xanəndə Əlibaba Məmmədovun 90 illiyinə həsr edilməsini yubilyara bir hədiyyə adlandıraraq ustad xanəndənin Milli Konservatoriyada müəllimlik fəaliyyətindən də söz açdı . Bildirdi ki, o pedaqoji fəaliyyəti dövründə Azərbaycan muğam sənətinə neçə-neçə görkəmli xanəndə vermişdir.

Layihənin rəhbəri Xalq artisti, professor Mənsum İbrahimov çıxışı zamanı diqqətə çatdırıb ki, layihənin növbəti buraxılışını Əməkdar artistlər xanəndə Təyyar Bayramov, tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovla birlikdə ustad ifaçı Əlibaba Məmmədova həsr etməyi qərar aldıq və onun keçdiyi sənət yolu, muğama olan sevgisi hər birimiz üçün örnəkdir. Artıq 7-ci dəfət əşkil edilən layihənin reallaşmasında dəstək göstərən Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriyaya təşəkkür edən Mənsum İbrahimov növbəti illərdə də layihənin uğurla davam etdiriləcəyini bildirdi. Diqqətə çatdırdı ki, növbəti illərdə layihə BMM-dən muğamsevərlərə təqdim olunacaq.

Sonra ustad xanəndə Əlibaba Məmmədovun bəstələri “Min yaşasın”, “Söylə”, “Mənim alagöz yarım”, “Gəl bizə yar”, “Şadlanasan, güləsən”, “Səni gözlə” və ”Ürəyim” mahnıları Nurlan Namazov, Gülzar Fərəcova, Ramiq Bayramov , Sədəf Budaqova, Orxan Hüseynli, Mehranə Məmmədli, Elgiz Əliyev, Almaxanım Əhmədli, Xətai Hacıyev, Günay İmamverdiyeva və digər gənc xanəndələrin ifasında səsləndi.