• 29 Mart 2024
logo
Gənc Tamaşaçılar Teatrı Əməkdar artist Almaz Mustafayevanın yubileyinə hazırlaşır

Gənc Tamaşaçılar Teatrı Əməkdar artist Almaz Mustafayevanın yubileyinə hazırlaşır

Yanvarın 25-i saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, sevilən aktrisa, Əməkdar artist Almaz Mustafayevanın 70 illik yubileyinə həsr olunan mərasim keçiriləcək.

Trend-in məlumatına əsasən, yubiley mərasiminin quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir.

Qeyd edək ki, hər zaman orijinal, fərqli tədbirlər hazırlayan yaradıcı heyət aktrisanın əlamətdar gününü də qeyri-adi üslubda təqdim edəcək. Son dərəcə maraqlı, teatrlaşdırılımış yubiley tədbirində aktrisanın ömür və yaradıcılıq yoluna nəzər salınacaq. Yubiley mərasimində teatrın bütün kollektivi çıxış edəcək və səhnədən yubilyara təbriklər ünvanlanacaq. Həmçinin ekranda Almaz Mustafayevanın sənət fəaliyyətini əks etdirən fotolar, kadrlar nümayiş ediləcək.

Qeyd edək ki, Almaz Mustafayeva 1949-cu il oktyabrın 1-də anadan olub. Uşaqlıqdan sənət aləminə qədəm qoyan aktrisa, "Sehirli xalat" filmində ifa etdiyi obrazla hər kəsin sevimlisinə çevrilib. Almaz Mustafayeva kinoda və teatrda maraqlı, biri-birindən seçilən fərqli obrazlar ifa edib. Eyni zamanda müasir seriallarda canlandırdığı obrazlarla da aktrisa çağdaş tamaşaçıların qəlbinə yol tapıb.

50 ildir Gənc Tamaşaçılar Teatrında çalışan Almaz Mustafayevanın ailəsi də sənətə, Azərbaycan Teatrına xidmət edir. Sənətkarın hər iki oğlu Mustafa və Tural Mustafayevlər teatr sənətimizin inkişafı üçün çalışır, rəssam və rejissor kimi fəaliyyət göstərirlər.

Almaz Mustafayeva 1997-ci ildə "Qızıl Dərviş" mükafatına, 2013-cü ildə isə Əməkdar artist Fəxri adına layiq görülüb.