• 28 Mart 2024
logo
Elçin Mirzəbəylinin poetik dünyası

Elçin Mirzəbəylinin poetik dünyası

Sevgi izaholunmaz bir duyğudur. İzah olunarsa dəyərini, məzmununu, təsirini itirər. Sevgi hər kəsin içindədir. Həmin o hər kəsi dünyaya, həyata bağlayan bir duyğudur. Etiraf edək ki, bu duyğular şairlərdə daha aydın görünür və şeirdə-bədii sözdə reallaşıb oxucuya bir az da doğmalaşır. Füzuli sevgisi ilə yadda qaldı, Mikayıl Müşfiq sevgisi ilə ürəklərə köçdü, Məmməd Araz sevgisi ilə yaddaşlara çökdü. Azərbaycan şairi nədən yazır-yazsın, mütləq sevgi mövzusunu önə çəkir. Ən müasir şairlərimiz - Ramiz Rövşənin də, Zəlimxan Yaqubun da, Vaqif Bayatlı Odərin də... sətirləri sevgi dünyasından keçir... Bu fikirləri yadıma Elçin Mirzəbəylinin "Sevgi məktubları" adlı kitabı saldı.

Elçin Mirzəbəylinin "Bir gecənin tənhalığı", "İtirilmiş vaxtın adamı", "Poz bu sükutu" kimi kitabları var. O kitabların hər birində Elçin təkcə şair deyil, həm də publisistdir, politoloqdur, dünyaya çeşidli baxışları olan ictimai adamdır. Lakin "Sevgi məktubları" öz tematikası ilə birbaşa sevgiyə bağlıdır və bu sevgi o qədər millidir ki, hər şeirin sətirlərindəki millilik bəşəri məzmunu ilə insanı insani hisslərə daşımaqdadır.
60x84 formatında cəmi 5 çap vərəqi həcmində bu kitabın oxucuda yaratdığı duyğuların özü də çox poetikdir və həmin o kitaba "Bir eşq hücrəsində oxunan dualar" sərlövhəli duyğulu bir ön söz yazmış Telli Pənahqızının aşağıdakı fikirlərinə mən də şərik oluram: Elçin Mirzəbəylinin "misraları sənin ürəyini elə şəfqət və mərhəmətlə isidir, bütün vücudunu elə səmimiyyətlə sarır ki, elə bilirsən bunlar sənin sözün, sənin kəlmən, sənin qəlbinin döyüntüləridir"... Dəqiq fikirdir və bu şeirlərin əsl mahiyyətinin ifadəsidir.
Elçin Mirzəbəylinin kitabının adı da məzmunu kimi duyğuludur: "Sevgi məktubları". Bu dünyada haçansa sevgi duyğusu yaşamış yaşlı insandan üzü geriyə - bu gün həmin duyğuları səmimi, kövrək hisslərlə yaşayan yeniyetməyədək - hər kəsin leksikonunda məktub və sevgi sözləri bir-birinə çox yaxın olan leksik vahidlər kimi qəbul olunur.
Bu sevgi kitabı "Mən üsyan edirəm" şeiri ilə başlayır. Aydındır ki, üsyan sözünün semantikasında nəyəsə qarşı sərt bir təpki, sərt bir davranış var. Elçin Mirzəbəylinin üsyanı imkansız eşqlərin, qərib eşqlərin yetim sevdalaradır. Əlbəttə, poeziya, poetik düşüncə yalnız predmetin real yaşantısından doğur, amma bu fərdi yaşantı ümumiləşdirilib elə təqdim edilir ki, hər kəs bu reallığı özününküləşdirməli olur. Elçin Mirzəbəylinin bir şair təfəkküründə yaşayan nakam məhəbbətdən doğan yanğısı kimi:
İçimdə bu eşqin yarası dərin,
Min yerdə çat verən qan damarıyam...
İmkansız eşqlərin, qərib eşqlərin,
Yetim sevdaların üsyankarıyam...
Mən bu yerdə "yetim sevda" kimi duyğulu bir ifadəni deyəsən, birinci dəfədir görürəm . Amma elə bu birinci görüş alınmayan, nakam məhəbbəti o qədər dəqiq ifadə edir ki, bu tapıntıya görə müəllifə minnətdar olmaya bilmirsən.
Telli xanım kitaba giriş sözündə Elçin Mirzəbəylinin bir şeirindəki narın yağış damlasında gördüyü portreti, tablonu qeyd edir. Belə portret cizgiləri Elçin poeziyasına ən duyğulu rəng qatan məqamlardandır.
"Qış nağılı" şeirində müəllif qəfil çıxıb gedən bir sevgilidən sonra şəhərin qərib görünməsinin, gecənin tənhalığında bu şəhərin üşüməsinin cizgilərini bir rəssam ustalığı ilə çəkir və sonda çox dəqiq bir portret yaradır:
Soyudu havalar... ürəyim kimi,
Yollar buz bağladı baxışlarımda...
Titrəyən nəfəsim çəkdi rəsmini,
Çəkdi yağan qarın naxışlarında.
("Qış nağılı")
Ümumiyyətlə, Elçin Mirzəbəyli poetik söz üçün, reallığın poetik ifadəsi üçün söz ovuna çıxmır. Sanki bu söz ovu özü gəlib şairi tapır və onun təsvirindəki poetik ifadələrə heyran qalmaya bilmirik:
Əlim əlində əriyir,
Sözüm baxışın altda.
Gəl saçına sığal çəkim,
Sevda yağışı altda. ("Yuxu")
Daha bir dəqiq portret cizgisi:
Çiçəklər içində, güllər içində
Çiçək gülüşünün şəklini çəkdir.
Çəkdir əllərinin hərarətini,
Titrək öpüşünün şəklini çəkdir.
("Səndən son istəyim")
Bu da portretləşmiş bir söz möcüzəsi:
İçinlə, ruhunla, baxışlarınla,
Qəlbinlə təmasda şəklini çəkdir.
Təpədən-dırnağa bürün sevgimə,
Sonra...
Bu libasda şəklini çəkdir.
Bunlar şairin səmimi sevgi şəkilləri, sevgi portretləridir:
Astaca pıçılda sevirəm sözün -
Sonra çək...
Səsinin şəklini göndər...
Mənə saçlarının ətrini yolla,
Mənə nəfəsinin şəklini göndər.
("Səndən son istəyim"...)
Bu rəssam cizgilərində sevgi dünyasını yaşayan hər kəs reallığın və poetikliyin vəhdətini görür: "səsin şəklini", "nəfəsin şəklini" çəkmək mümkünmüş və hətta sevən bir kəsin saçlarının ətrini yollaya bilmək ehtimalı da reallığa oxşayır.
Elçin Mirzəbəylinin bu "Sevgi məktubları"nda hər sətir, hər misra poetik bir lövhədir, poetik tapıntıdır:
Dərdimin üstündə kirşə çəkən qız
Çəkmə, dərdlərimin buzu əriyib.
Sənin duz basdığın köhnə yaradı
Üstündə min ilin duzu əriyib.
Bu misralarda heç bir süni axtarış, heç bir şeir quraması yoxdur. "Dərdin buzu", "min ilin duzu" - bunlar qafiyə kimi görünə bilər, amma mahiyyəti çox dərindədir, o dərinliyi ancaq köhnə yaralarına duz basılanlar anlaya bilər.
Yenə aramıza səd düşüb, Allah,
Düşüb toxum kimi...
Dərd düşüb, Allah...
İçimə elə bir od düşüb, Allah,
Alnıma yazdığın yazı əriyib.
("Alnıma yazılan yazı əriyib")
Bu da xalqın min illərdən bəri pənah gətirdiyi alın yazısına poetik münasibət!
Şair öz sevgisində nə qədər yumşaq olsa da, əks tərəfi nə qədər səmimi sevsə də, yeri gələndə bağışlamamağı da var:
Aç sinəmi...
Dərd xışlasın...
Ört, sinəmdə dərd qışlasın...
Get, Allahın bağışlasın
Məndən əfv diləmə, gülüm...
("Məndən əfv diləmə")
Bu yerdə şairin bağışlamamaq, əfv etməmək sərtliyini qınamaq olmur. Çünki onun öz sevgisi o qədər təmiz, ehtiraslı və o qədər səmimidir ki, onun bu təmizliyə, bu ehtirasa, bu səmimiliyə etinasızlığı bağışlamamaq haqqı da var. Elçin Mirzəbəyli Allah adamıdır. Qəribədi, mənim də yaxşı tanıdığım Elçin bütün münasibətlərində real bir Tanrı düzənindədir. Bu mahiyyət - Allaha tapınmaq onun şeirlərinin də mahiyyətindədir:
"Get, Allahın bağışlasın"...
"Tanrı özü kəbin kəssin
Çıxan nəfəsimizə"...
"Mənim üçün dua eylə
De, biri var yerdə, Allah,
De, nisgilli ürəyində
Bir mən varam, bir də Allah"...
Elçin Mirzəbəyli öz sevgisində bəzən pessimist də görünə bilər. Ancaq bu, yalnız görüntüdür. Bu pessimizmin dərinliyində heç vaxt bitməyəcək, unudulmayacaq bir sevginin uzun sürən varlığı var:
Mən
Sərsəri,
Dəli rüzgarların adamı...
Nə gedəcəyim yer bəlli,
Nə dönəcəyim...
Bir gün qapıları arxamca çırpıb
Gedə bilərəm, səssiz-səmirsiz...
Ya bu dünyadan,
Ya da həyatından...
Uçacaq əllərimin silueti...
Xəyalının
Yarıaçıq pəncərəsindən...
Qaçacaq ayaqlarımın kölgəsi
Arzularının kimsəsiz küçəsindən...
Və bir gün qayıtmayacaq...
("Bağlanma mənə")
Sətirlərin səmimiyyətindən duyulur ki, bu sevən obraz nə bu dünyadan, nə də onun həyatından gedər. Çünki bu, elə-belə sevgi deyil, bu sevgi yaşatmaq üçündür, bu sevgi mütləq qayıtmaq üçündür. Həm də axı, şair ayrılığa dözənə, gedib qayıtmayana oxşamır:
Mən bu yükü necə çəkim,
Yetməz gücüm, yetməz çəkim...
Ayrılığı kim doğdu, kim?
Gedib deyim...
"Balan ölsün!"... ("Ölsün")
Ümumiyyətlə, ayrılığı bu tərzdə təsvir edən poeziya ayrılığa imkan verən deyil:
Görüşlərin, ayrılıqların
Tək ünvanı
Qəlbimiz...
Sən və Mən...
Yox, ikimiz -
Ayrılıqlara vida deyən
İki Mən,
İki Sən,
İki Biz... ("Əlvida ayrılıq")
Bu şeirin sərlövhəsi çox maraqlıdır: "Əlvida, ayrılıq". Qəribə orasıdır ki, "əlvida" və "ayrılıq" semantik cəhətdən bir-birinə çox yaxın olduğu halda, müəllif ayrılığın özünə də "əlvida" deməkdədir.
"Sevgi məktubları"nda sevən kəsin yoxluğu, bir gün xatirəyə çevriləcəyi kimi məqamların poetik təssüfü bəlkə də hər kəsin yaşadığı uzaq xatirələrin ülvi ifadəsidir:
Bir gün mən olmasam...
Qəribsəyərsən...
O qəmli gözlərin yaş tökərmi heç?
O mənsiz dünyadan nə istəyərsən?
O mənsiz gözlərin yol çəkərmi heç?
("Bir gün mən olmasam")
Elçin Mirzəbəylidən ötrü üç nöqtə böyük məzmun daşıyır. Onun az qala bütün şeirlərində üç nöqtənin intensiv iştirakını görürük. Bütün nöqtələr bütün məqamlarda deyilmiş sözün bitməyən akkordu kimi, deyiləcək sözün yarımçıq qalmış, lakin deyilən sözdən qat-qat artıq məzmun daşıyan bir nağıl kimi bizi təsirləndirir, duyğulandırır:
Bir gün mən olmasam...
Dəyişəcəksən...
Bu sətirlərin birincisindəki üç nöqtə sevən kəsin üzülən ümidləri, əslində, daha aydın görünən görünməzliyidir. İkinci sətrin üç nöqtəsi sevən kəsin sevgilisinin dəyişə biləcəyindən yaranan qorxu dolu bir mətləbdir.
Bu üç nöqtə bəzən sətrin əvvəlində, bəzən sonunda olur:
Belə sətirlər bədii söz ustasının hansısa bir hekayəni "və" bağlayıcısı ilə başlamasına bənzəyir: yəni ki, başlanğıcdan əvvəl mənim xeyli sözüm var, amma "özün anla" prinsipidir bu üslub. Elçin Mirzəbəylinin əvvəl, axır üç nöqtələri mətnin arif oxucuya, yalnız arif oxucuya müraciətidir.
...Və haqqında söz açdığım "Sevgi məktubları" bu tipli bədii tapıntıları ilə də çox maraqlıdır. Ruhumuzu oxşayan, sevən bir kəsin duyğularını yerindən oynadan, kimisə ötənlərin sevgi xatirələrinə qaytaran "Sevgi məktubları" təkcə yaradıcılığına deyil, insanlığına da çox hörmət etdiyim bir şairin fəlsəfi düşüncələrinin məhəbbətə söykənən mükəmməl ifadəsidir.