• 13 Avqust 2022
logo
Milli musiqimizin təəssübkeşi

Milli musiqimizin təəssübkeşi

Azərbaycan həmişə istedadlı insanları ilə seçilib. Biz çox xoşbəxtik ki, gələcək nəsillərə örnək olası böyük sənətkarlarımız, bəstəkarlarımız var. Bu dəyərli bəstəkarlarımızdan biri də Əməkdar İncəsənət Xadimi , professor Elnarə xanım Dadaşovadır. Elnarə xanım böyük bəstəkarımız Qara Qarayevin yetirməsidir. 70 - ci illərdə bəstəkar kimi fəaliyyətə başlayan Elnarə xanım Dadaşova Hökümə Nəcəfova kimi Şəfiqə Axundova kimi, Ağabacı Rzayeva kimi bəstəkarların sırasına öz adını da yaza bildi.
Belə ki, bəstəkarlığın sirlərini Azərbaycan Dövlət Konservatoriyasında dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevdən öyrənib. Musiqilərində milliliyin olması, müasir musiqilərin yazılması ona müəllimi, ustadı Qara Qarayevdən əmanətdir desək heç də yanılmarıq.
Elnarə xanım Dadaşova 30 ildən artıq olar ki, bəstəkar kimi fəaliyyət göstərir. Musiqinin müxtəlif janrlarında 100-dən artıq əsərlər yazmışdır. Elnarə xanım Azərbaycan musiqisinin inkişafına kifayət qədər töhfələr vermişdir. Fortepiano əsərləri onun yaradıcılığının ayrılmaz və mühüm bir hissəsini təşkil edir. Elnarə xanımın adı çəkiləndə onun baleti, simfonik əsərləri, vokal musiqiləri yada düşür. Musiqimizin hər janrına müraciət etməsi Elnarə xanımın böyük fitri istedada malik olmasından irəli gəlir. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazılmış "24 Prelüd" silsiləsi, "Sayalı" baleti, orqan üçün "Variasiya", "Fantaziya", "Postlüdiya" əsərləri təşkil etmişdir. Simfoniya, konsert-simfoniya, fortepiano konserti, balet, baletdən simfonik süitalar, xor əsərləri, vokal-simfonik əsərlər, kvartetlər, fortepiano, orqan, xalq çalğı alətləri, simfonik orkestrin müxtəlif alətləri üçün əsərlərin müəllifidir.
Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətini davam etdirən Elnarə xanım Dadaşovanın, həmçinin "Polifoniya", "Solfecio" üzrə 5 dərs vəsaitinin, xor topluları və tədris proqramlarının rəhbəridir. Elnarə xanımın bir fərqli cəhəti də, odur ki, balaca uşaqları da unutmur. Musiqi yollarında kövrək addımlar atmağa başlayan balaca uşaqlar üçün də uşaq musiqiləri yazır. Elnarə xanım həm humanitar musiqilər bəstələyir, həm də uşaqların dünyasına baş vurur. Nəinki uşaq musiqinin yaradıcısı kimi, həm də mütəxəssisi kimi çıxışlar edir. Aydın məsələdir ki, bu da onun musiqini necə də dərin bilməsindən xəbər verir.
Elnarə xanım haqda mən jurnalist kimi çox materiallar toplayıb yaza bilərəm. Ünlü bəstəkarımız haqda amma elə şeylər, nəsnələr, nüanslar var ki, detalıyca dəqiqliklə musiqişünaslar danışsalar yaxşı olar. Onun bənzərsiz, özünəməxsus əsərləri haqda musiqi tədqiqatçıları çoxlu danışmalıdırlar. Çünki o gələcək nəsilə bir örnək, bir mayakdır. Elnarə xanım, musiqimizin bütün çətinliklərini bir yük kimi çiyinlərində daşıyıb, gələcək nəsilə keyfiyyətli işlər ərmağan edib.
Bu gün 70 yaşını qeyd edən Elnarə xanıma uzun ömür, can sağlığı arzu edirik. Mükəmməl, möhtəşəm musiqilər yazan qızıl barmaqlarınız yorulmasın. Nəğmə dolu ürəyiniz susmasın. Elnarə xanım dünya durduqca durasınız. Nə qədər Azərbaycan var, nə qədər əsl musiqini anlayan,duyan Azərbaycan xalqı var Elnarə Dadaşova adı və bəstələdiyi möhtəşəm əsərlər də, olacaq.

Hazırladı: Fuad BİLƏSUVARLI