• 11 Oktyabr 2024
logo
Milli Teatrın kollektivi Türkiyəyə yollanıb

Milli Teatrın kollektivi Türkiyəyə yollanıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi 5-9 may tarixlərində Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Türkiyəyə yola düşüb.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, festivalda V. Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə Azərbaycan təmsil ediləcək.
Festival Trabzon şəhərində keçiriləcək.
Milli Teatr festival təşkilatçılarının və tamaşaçıların xahişi ilə öz səhnə əsərini iki dəfə - 7-8 may tarixlərində Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində nümayiş etdirəcək.
Tamaşanın müəllifi, rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, geyim rəssamı Olqa Şabanova, rəqslərin quruluşçusu Lalə Hacıyeva və Günay Mikayılovadır.
Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov (Orsino), Məsmə Aslanqızı (Oliviya), Aslan Şirin (Malvolio), Anar Heybətov (Sebastian) aktrisalar İlahə Həsənova (Viola), Nigar Güləhmədova (Mariya), əməkdar artist Elnar Qarayev (Antonio), aktyorlar Ziya Ağa və Corc Qafarov (Ser Endryu Eguçik), əməkdar artist Ayşad Məmmədov (Ser Tobi Belç), aktyor Vüsal Mustafayev (Fabian), əməkdar artist Rəşad Bəxtiyarov (Fasti), aktrisa Xədicə Novruzlu (Culiya) və Əlif Cahangirli (Keşiş – video-görüntü) iştirak edir.
Tamaşanı Nərmin Həsənova idarə edir. İlk tamaşa 2019-cu ildə oynanılıb.
Qeyd edək ki, səhnə əsərinin dekorasiyası ənənəvi formada yox, monitorlar vasitəsilə qurulub. Tamaşanın orijinallığı burada klassika ilə müasirliyin vəhdət təşkil etməsindədir. Belə ki, aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də müasir dövrün elementləri əksini tapıb. Eləcə də musiqi seçimində klassik musiqi ilə yanaşı, müasir musiqi, həmçinin də roka yer verilir.