• 27 May 2022
logo
Moskvada Ülviyyə Axundovanın “Çılpaq həqiqət” kitabının təqdimatı keçirilib

Moskvada Ülviyyə Axundovanın “Çılpaq həqiqət” kitabının təqdimatı keçirilib

Moskvada M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında azərbaycanlı yazıçı və şairə, “Yarat” Müasir İncəsənət məkanının mədəni proqramlar departamentinin rəhbəri Ülviyyə Axundovanın “Çılpaq həqiqət” kitabının təqdimatı keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, təqdimat Heydər Əliyev Fondunun Moskva nümayəndəliyi, Xarici Ədəbiyyat Kitabxanası və Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Tədbiri Xarici Ədəbiyyat Kitabxanasının baş direktorunun müavini Mariya Belokolenko açaraq, bu günlərdə eyni zalda Azərbaycan Mədəniyyət Mərkəzinin 10 illik yubileyinin təntənəli qeyd olunduğunu söyləyib: “Biz qədim, çoxşaxəli mədəniyyətə malik Azərbaycanla əlaqələri həqiqətən yüksək qiymətləndiririk. Bizim birlikdə 400-dən çox həyata keçirilmiş layihəmiz var. Bunlara konsertlər, sərgilər, kitab təqdimatları aiddir. Bu gün biz gənc, maraqlı müəllifin bir kitabı haqqında danışacağıq. Bu kitabda aydın bir insanın böyük ruhu var”.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova tədbirin təşkilinə görə kitabxana rəhbərliyinə təşəkkürünü bildirib. O qeyd edib ki, Heydər Əliyev Fondu və vitse-prezident Leyla Əliyevanın rəhbərlik etdiyi fondun Rusiya nümayəndəliyi Xarici Ədəbiyyat Kitabxanasındakı Azərbaycan Mədəniyyət Mərkəzinin inkişaf etməsi, qədim və zəngin mədəniyyətlə moskvalıları tanış etmək üçün əlindən gələni edir.
Təqdimatı keçirilən kitabın müəllifi haqqında danışan Tamilla Əhmədova Ülviyyə Axundovanın yaradıcılığında səmimiyyəti, insani orijinallığı xüsusi vurğulayıb: “Onun kitabı “Çılpaq həqiqət” adlanır. Burada hər bir qəhrəmanın öz prototipi var. Sevgi sualları, öz yerini axtarmaq, həyatın mənası – mövzuları bütün yazıçıları, şairləri, nasirləri hər zaman narahat edir. Amma bu suallara cavablar artıq istedad məsələsidir. Bizim gənc müəllif isə istedaddan məhrum deyil. Ülviyyə xanıma mümkün qədər çoxlu yeni əsərlər arzulayıram, mümkün qədər tez-tez poeziyasevərlərlə görüşsün. Ümid edirəm ki, bugünkü görüş sonuncu olmayacaq”.
Ülviyyə Axundova isə çıxışında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Xarici Ədəbiyyat Kitabxanasına təqdimatın təşkilinə görə təşəkkürünü bildirib. O, kitabın hekayə və şeirlərdən ibarət olduğunu bildirib: “Bu kitab bir çox səbəblərə görə xüsusidir. Əvvəla, onu istedadlı rəssam İrina Eldarova hazırlayıb. İkincisi, bu kitab pandemiyanın, hamımızın özümüzü tapmaq məcburiyyətində qaldığı uzun, iki illik təcridin nəticəsidir. Bu, bizə düşünmək üçün vaxt və zəmin verdi. Hekayələrim hər şey haqqındadır - sevgi haqqında, dostluq haqqında, sədaqət haqqında, xəyanət haqqında, həyat haqqında...”
Teatr və kino aktyoru, Azərbaycanın və Rusiyanın Əməkdar artisti Timur Bədəlbəyli azərbaycanlı yazıçı Ülviyyə Axundovanın kitabının işıq üzü görməsini “gözəl hadisə” adlandırıb: “Bizim Xarici Ədəbiyyat Kitabxanasında - Moskvanın xəritəsində simvolik bir yerdə olmağımız da diqqətəlayiqdir. Məhz burada rus dilində yazan bakılı Ülviyyə Axundovanın kitab təqdimatına toplanmışıq. Bu onu deməyə əsas verir ki, rus mədəniyyətinin sərhədləri yoxdur və Azərbaycanda, ənənəvi tolerant məkanda belə müəlliflər var”.
Təqdimat mərasimində Moskva Konservatoriyasının məzunu, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü Nazxanım Dadaşovanın musiqi müşayiəti ilə müəllifin şeirlərini səhnədən Timur Bədəlbəyli, aktyor və rejissor Danila Arıkov, şairə Anna Zezina səsləndirib.

Ülviyyə Axundovanın Ülviyyə Axundovanın Ülviyyə Axundovanın