• 20 Aprel 2024
logo
"Qarabağ-tarixi-mədəni irsimizdən" adlı kitab dərc edilib

"Qarabağ-tarixi-mədəni irsimizdən" adlı kitab dərc edilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən "Qarabağ – tarixi-mədəni irsimizdən" adlı kitab dərc edilib.
İdarədən verilən məlumata görə, kitabda Qarabağın xristian və islam dövrü epiqrafik abidələri ətraflı tədqiq edilib.
Qarabağda mövcud olan xristian məbədlərinin Azərbaycan xalqının mədəni irsi olduğu bir daha epiqrafik abidələr əsasında təsdiqlənib. İslam dövrü abidələri üzərində olan epiqrafik yazılara əsasən Qarabağda yaşayıb fəaliyyət göstərən alim, memar, nəqqaş, xəttat, sufi şeyxləri, Qarabağ memarlıq məktəbinin banilərinin adları tarixə salınıb.
Nəşrdə həmçinin Qarabağın qədim dövrlərdən bəri, əsrlər boyunca bənzərsiz sənət əsərlərini yaradan istedadlı sənətkarları, onları yetisdirən sənətkarlıq məktəbləri haqqında geniş bəhs olunur.
Bununla yanaşı, dərc edilmiş kitabda Qarabağda ədəbi mühitin formalasması, görkəmli ədib, şair, yazıçıların, mütəfəkkirlərin həyat yaradıcılığından, görkəmli xanəndə, yaradıcı insanlar, ilk teatr haqqında bəhs olunur.
2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərin təfərrüatları da kitabda öz əksini tapıb.
Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin layihəsi kimi nəşr olunan kitabda ilk insan məskənlərindən biri olan Azərbaycanın Qarabağ bölgəsindən bəhs olunur. Kitabda Qarabağın tarixi, numizmatikası, epiqrafik abidələri, xalçaçılq məktəbi, dulusçuluq, milli geyimlər, bədii və zinət əşyaları, ədəbi mühit, musiqi və teatrı haqqında geniş məlumatlar verilib.
Qarabağın tarixi zəngin qaynaqlar bazasında araşdırılaraq, "Qarabağ" sözünün etimologiyası, qədim dövrlərdən bu günə kimi Qarabağın tarixinə dair maraqlı məlumatlar əks olunur.