4-8 noyabr tarixində Bolqarıstanın Stara Zaqora şəhərində Gənc şeypur ifaçılarının 10-cu beynəlxalq müsabiqəsi keçirilib.
Trend-in məlumatına görə, müsabiqənin bu sayında Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya, Niderland, İtaliya, Şimali Makedoniya, Rusiya, Almaniya, Xorvatiya, Ukraynadan nümayəndələr təmsil olunub.
İştirakçılar 4 yaş qrupu üzrə mübarizə aparıblar. Müsabiqədə Rusiyada Böyük Teatrda ilk şeypur ifaçısı və Pyotr Çaykovski adına Moskva Konservatoriyasının müəllimi professor Andrey İkovun rəhbərlik etdiyi və Şimali Makedoniya, Rumıniya, Polşa və Bolqarıstanın məşhur musiqiçilərdən ibarət olan jüri gənc istedadların ifalarını dəyərləndiriblər.
Müsabiqədə Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Musiqi məktəbinin, Qara Qarayev adına 8 nömrəli Musiqi Məktəbi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri ölkəmizi layiqincə təmsil edərək diplomlarla təltif olunublar. İştirakçılardan Ənvər Kərimov I, Səid Rəsulov II, Cabir Əliyev, Əlipaşa Şahgəldiyev, Tamerlan Qafarov III yerlərə layiq görülüblər. Ölkəmizdən gənc ifaçılar hər il Stara Zaqora şəhərində keçirilən bu müsabiqədə fəal iştirak edirlər.
Qeyd edək ki, Gənc şeypur ifaçılarının beynəlxalq müsabiqəsi 1995-ci ildən etibarən keçirilir. İlk olaraq milli əsasda başlayan müsabiqə 4-cü buraxılışdan etibarən xarici iştirakçılar üçün açıq elan edilərək beynəlxalq status alıb. Ənənəvi olaraq müsabiqə laureatları və jürinin, eləcə də Stara Zaqora Dövlət Opera Orkestrinin konserti ilə başa çatır. Cari il müsabiqə yaradılmasının 25, beynəlxalq müsabiqə kimi 10 illik yubileyini qeyd edir.
Müsabiqə Bolqarıstan KİV-lərində işıqlandırılıb.