• 27 May 2022
logo
Nazir: "Azad olunmuş ərazilərdə mədəni abidələrin monitorinqi asan proses deyil"

Nazir: "Azad olunmuş ərazilərdə mədəni abidələrin monitorinqi asan proses deyil"

"Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılmış abidələrlə bağlı iddia qaldıracaq. İddia həm dağıdılmış ancaq bərpası mümkün olan, həm də dağıdılmış və bərpası mümkün olmayan abidələrlə bağlı qaldırılacaq".
Bunu APA-ya açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.
O bildirib ki, bu iddiaların qaldırılması üçün ilk növbədə azad edilmiş ərazilərdə monitorinq keçirilməlidir: “Həmin abidələrin dəqiq vəziyyətinin öyrənilməsi üçün monitorinq keçirilməlidir. Bu monitorinqi də tək biz yox, eyni zamanda beynəlxalq səviyyəli şirkət keçirməlidir ki, əks olunan məlumatlar etibarlı olsun. Ona görə də biz monitorinq prosesini tamamlamalıyıq. Bütün bu sübutlar toplanandan sonra isə müvafiq iddialar beynəlxalq təşkilatlar qarşısında irəli sürüləcək”.
Qiymətləndirmə işlərinin nə zaman başa çatacağı məsələsinə də toxunan nazir qeyd edib ki, hazırda proses davam edir: “Bu, heç də asan başa gəlmir. Həmin ərazilər həm minalanıb, həm də hava şəraiti bəzən işlərin aparılmasına imkan vermir. Yəni təhlükəsizlik baxımından hər şey heç də yaxşı deyil ki, biz bu monitorinqi tamamlayaq. Ona görə də qiymətləndirmə prosesi hələ bir müddət çəkəcək”.