• 19 Aprel 2024
logo
Ankarada Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ankarada Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ankarada Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş mərasim və “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabının təqdimatı keçirilib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mərkəzi Qərargahında keçirilən tədbirin rəsmi hissəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov və Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Nərmin İsmayılova çıxış ediblər.
Çıxışlarda 2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olması ilə bağlı Azərbaycan Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələr çərçivəsində görülən işlər yüksək dəyərləndirilib. Aşıq Ələsgər yaradıcılığının əhəmiyyəti, söz və saz sənatkarının fəaliyyətinin araşdırılması, Azərbaycanda Ələsgər sənətinə və onun inkişafına göstərilən diqqət və qayğı, türk dünyasında daha geniş tanıdılmasının vacibliyi məsələlərinə toxunulub.
Rəsmi çıxışlardan sonra “Ulu Göyçə” sənədli filmi göstərilib.
Sonra tədbir panel iclaslarla davam edib.
Qeyd edək ki, Tədbir Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Türkiyədəki səfirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Aşıqlar Birliyi və TÜRKSOY-u birgə təşkilatçılığı ilə keçirilib.
“Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabı Türkiyənin tanınmış ədəbiyyatçısı Kənan Çarboğa tərəfindən tərcümə edilib.