• 21 Yanvar 2022
logo
Berlin Filarmoniyasında Zəfər Günü münasibətilə təntənəli konsert təşkil edilib

Berlin Filarmoniyasında Zəfər Günü münasibətilə təntənəli konsert təşkil edilib

Dünyanın ən məşhur konsert zallarından biri sayılan Berlin Filarmoniyasında dahi
Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik
yubileyi və Vətən müharibəsinin parlaq qələbə ilə başa çatmasının birinci
ildönümü münasibətilə “Əbədilik” adlı təntənəli konsert keçirilib.
Xalqcəbhəsi.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun
dəstəyi, ölkəmizin Almaniyadakı səfirliyinin iştirakı və Köln Filarmoniyasının
təşkilatçılığı ilə Berlin Filarmoniyasında baş tutan konsertdə Almaniyanın
mədəniyyət və incəsənət elitasının, diplomatik korpusun, Azərbaycan və Türkiyə
icmalarının, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri
Ramin Həsənov açıb. O, Nizami Gəncəvi irsinin Azərbaycan və dünya
ədəbiyyatındakı yerindən danışaraq vurğulayıb ki, Azərbaycan Prezidenti İlham
Əliyev 2021-ci ili Azərbaycanda “Nizami Gəncəvi ili” elan edib. Bildirib ki,
Nizaminin “Xəmsə”si Şərq ədəbiyyatının bir sıra görkəmli xadimləri üçün örnək
olmaqla yanaşı, Qərb mütəfəkkirlərinin də diqqət mərkəzində dayanıb. Təsadüfi
deyil ki, dahi alman filosofu Hötenin “Şərq-Qərb Divanı”nda Nizami irsinə
müraciət olunub. Səfir vurğulayıb ki, Nizami Gəncəvinin yubileyi münasibətilə
keçirilən konsertin Şuşanın azad olunmasının ildönümündə və Şuşa musiqi
məktəbinin təmsilçisi olan Yalçın Adıgözəlovun rəhbərliyi altında baş tutmasının
böyük rəmzi mənası var.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev bildirib ki,
Azərbaycan diasporunPrezident İlham Əliyevin diqqət və qayğısını özünün
gündəlik fəaliyyətində hiss edir. Məhz bu qayğının nəticəsidir ki, Berlinin ən
böyük konsert salonunda Azərbaycan musiqiçiləri Köln Gənclər Simfonik Orkestri
ilə birgə möhtəşəm konsert düzənləyib. Onun sözlərinə görə, komitə “Nizami
İli”nə həsr olunmuş 100-dən çox tədbir keçirib. “Bu ay Zəfər Gününə həsr
olunmuş tədbirlərin sayı isə 150-dən çoxdur”, - deyən sədr müavini parlaq
qələbənin qazanılmasında böyük payı olan soydaşlarımıza, dost icmaların
üzvlərinə və Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən hər bir insana Dövlət
Komitəsinin adından dərin minnətdarlığını bildirib.
Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlovun idarə etdiyi Köln Gənclər
Simfonik Orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının klassik
əsərləri, o cümlədən Nizami Gəncəvinin qəzəllərinə bəstələnmiş musiqi parçaları
təqdim olunub. Azərbaycanın Xalq artisti Əvəz Abdulla (bariton), Selcan Nəsibli
(soprano), Kamilə Nəbiyeva (xanəndə), Mirələm Mirələmov (xanəndə), Əməkdar
artist Əlağa Sədiyev (tar) və Anar Bramonun (violin) çıxış etdikləri konsert
Azərbaycanın görkəmli bəstəkarı Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi”
oratoriyasının səsləndirilməsi ilə başa çatıb.
Konsert tamaşaçıların gur alqışları ilə qarşılanıb.
Qeyd edək ki, Almaniya paytaxtının “musiqi ürəyi” adlandırılan Berlin
Filarmoniyası paytaxtın Kemperplats meydanında yerləşir. 1944-cü il yanvarın 30-
da bombardman nəticəsində dağıntıya məruz qalan bu mədəniyyət ocağı yenidən
tikilib və 1963-cü ilin 15 oktyabr tarixində qapılarını təntənəli şəkildə
musiqisevərlərin üzünə açıb. Filarmoniya qeyri-adi binadır, asimmetrik və
çadırvari, beşbucaqlı əsas konsert zalı var. Səhnə zalın mərkəzində yerləşdiyindən,
orkestr hər tərəfdən tamaşaçılarla əhatə olunur.