Mədəniyyət naziri Əbülfəs Qarayev məşhur rusiyalı fırça ustası, Adıgey və Kabardin-Balkar Respublikasının Xalq rəssamı, Rusiya Dövlət mükafatı laureatı Mixail Şemyakinlə görüşüb.
Nazirlikdən verilən məlumata görə, Ə.Qarayev görüşdə qonağa Azərbaycan dövlətinin mədəniyyət siyasəti, bu istiqamətdə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Qeyd edib ki, ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafına dövlət tərəfindən böyük qayğı göstərilir. Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği də diqqətdə saxlanılır.
M.Şemyakin də öz növbəsində səmimi qəbula görə öz minnətdarlığını ifadə edib. Vurğulayıb ki, bu səfər onun ölkəmizə ilk gəlişidir. Buna baxmayaraq, Azərbaycanın mədəni həyatı onda olduqca xoş təəssüratlar yaradıb.
Əslən Kabardin-Kalkardan olduğunu deyən rəssam Azərbaycanla onu xoş münasibətlərin bağladığını bildirib. Vurğulayıb ki, onun bacısı Azərbaycanın indiki Göygöl (Xanlar) rayonunda dünyaya gəlib.
Mixail Şemyakin onu da diqqətə çatdırıb ki, səfər çərçivəsində müxtəlif görüşlərdə iştirak edəcək, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ustad dərsi keçəcək.
Görüş zamanı rəssamın ölkəmizdə sərgisinin təşkil edilməsi və onunla əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edək ki, M.Şemyakin 1943-cü ildə Moskvada anadan olub. Tanınmış rəssamın əsərləri Rusiya ilə yanaşı, ABŞ, Fransa, Braziliya, İsrail və digər ölkələrin muzeylərində saxlanılır.