• 20 Aprel 2024
logo
Sankt-Peterburqda Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub

Sankt-Peterburqda Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyətinin Sankt-Peterburqa səfəri çərçivəsində Dövlət Ermitajının direktoru Mixail Piyotrovski arasında görüş keçirilib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, görüşdə Dövlət Ermitajı ilə Azərbaycan muzeyləri arasında əməkdaşlığın genişləndirilməsi, Ermitajda saxlanılan ölkəmizin mədəni irs nümunələrinə xüsusi diqqətin ayrılması, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Həmin gün Dövlət Ermitajında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub.
Mədəniyyət Nazirliyi və ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbir 1941-ci ildə məhz bu məkanda Nizami Gəncəviyə həsr olunan tarixi tədbirin 80-ci ildönümünə təsadüf edib.
Tədbirdə Ermitajın fondunda saxlanılan Nizami Gəncəvinin “Xəmsə”sinin nadir nüsxəsi nümayiş olunub, dahi şairin yaradıcılığına dair məruzələr dinlənilib, onun əsərlərinin motivləri üzrə çəkilmiş və hazırda Dövlət Ermitajında və Sankt-Peterburqdakı Rusiya Milli Kitabxanasında qorunub saxlanılan miniatürlər haqqında geniş təqdimatlar keçirilib.
Sonda konsert proqramı təqdim olunub. Sankt-Peterburq Dövlət Akademik Marinski Teatrının azərbaycanlı vokalçıları Məhərrəm Hüseynov və Həmid Abdulov, pianoçu Vurğun Vəkilov Nizami Gəncəvinin əsərlərinə yazılmış musiqiləri ifa ediblər. Həmçinin ölkəmizin incəsənət xadimlərinin (xanəndə Teyyub Aslanov, tarzən Əliağa Sədiyev, kamança ifaçısı Elnur Mikayılov, nağara ifaçısı Kamran Kərimov, ud ifaçısı Mircavid Cəfərov) ifasında muğam parçaları səsləndirilib.