• 19 Aprel 2024
logo
Milli Xalça Muzeyində Kamil Əliyevə həsr olunan beynəlxalq konfrans keçirilir

Milli Xalça Muzeyində Kamil Əliyevə həsr olunan beynəlxalq konfrans keçirilir

Bu gün Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” adlı beynəlxalq elmi-praktik konfransın açılışı olub.
Azərbaycan Milli Xalça Muzeyində hibrid formatda (canlı və onlayn iştirak) keçirilən konfransa Azərbaycan, Türkiyə, Yaponiya, Argentina, Ukrayna, Türkmənistan, Rusiya, Latviya, Avstriya, Almaniya, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan 34 mütəxəssis qatılıb.
Konfransda çıxış edən muzeyin direktoru Şirin Məlikova peşəkar xalçaçılıq sənəti tarixində Kamil Əliyevin tutduğu yerdən danışıb. O, bildirib ki, Milli Xalçaçılıq Muzeyində rəssamın əsərlərindən ibarət dəyərli kolleksiya qorunub saxlanılır: “Burada rəssamın müəllifi olduğu və bir hissəsi daimi ekspozisiyaya daxil edilmiş 29 müəllif xalçası, həmçinin 702 eskiz və texniki rəsm, planşetlər, basma və qələmkar texnikasında hazırlanmış üç süfrə və ipək şarf, rəssamın eskizi əsasında ornamentlə bəzədilmiş çini nahar dəsti və kiçik fotoarxiv qorunur. Kamil Əliyevə dünya şöhrətini qazandıran onun portret xalçaları olub. O, bu janrı xalçaçılığın bu gün də yüksək tələbat olan bir qoluna çevirməyə müvəffəq olub”.
Konfransda akademik Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rəfael Hüseynov “Müsəlman Şərqinin xalça dili və ənənələri müstəvisində Azərbaycan xalça dili və dialektlərinin özünəməxsusluqları” mövzusundə məruzə ilə çıxış edib.
İki gün davam edəcək konfransda iştirakçılar “Xalçaçı rəssamlar ənənə çərçivəsində”, “Xalça müasir rəssamların yaradıcılığında”, “Müasir xalça sahəsində kurator layihələri”, “Azərbaycanın müasir xalça sənəti” mövzularını əhatə edən məruzələrlə çıxış edəcəklər. Pandemiya şəraiti ilə əlaqədar bir sıra ölkələrdən olan mütəxəssislər konfransa onlayn şəkildə qoşulacaqlar.
Konfrans Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilir.