• 25 Aprel 2024
logo
Şirin Məlikova: “Şuşada Milli Xalça Muzeyi səviyyəsində muzey yaradılacaq”

Şirin Məlikova: “Şuşada Milli Xalça Muzeyi səviyyəsində muzey yaradılacaq”

“Biz ICOM-un yerli komitəsi olaraq Qarabağ muzeyləri ilə bağlı lazımı tədbirləri həyata keçiririk. Qarabağ muzeylərinin direktorları ilə tez-tez görüşlər olur. Bu yaxınlarda Mədəniyyət Nazirliyinə belə bir təkliflə müraciət etmişik ki, sözügedən muzeylərin direktorları üçün xüsusi məktublar hazırlansın, onların arxivlərdə işləməsi üçün lazımı şərait yaradılsın”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova deyib.
Onun sözlərinə görə, bundan əlavə foto və videomaterialları yığır, həmin muzeylərin binaları və işğaldan öncə ekspozisiyası haqqında məlumatlar toplayırlar: “Problem ondadır ki, muzeylərin inventar kitabları işğal zamanı çıxarıla bilməyib. Bu səbəb işimizi xeyli çətinləşdirir. Buna görə də muzey direktorlarına məsləhət görürük ki, xatırladıqları əsas eksponatların siyahısını tərtib etsinlər”.
Ş. Məlikova həm İCOM həm də, UNESCO-ya müraciətlər göndərdiklərini bildirib: “Çalışırıq ki, dünya təcrübəsindən yararlanaq, öyrənək ki, digər ölkələrdə belə situasiyalarda hansı addımlar atılır, hansı sənədlər hazırlanmalıdır, hüququ baza necə qurulmalıdır ki, talan olunan maddi və mənəvi mədəniyyətimizin əslində hansı muzeylərə məxsus olduğunu sübut edə bilək və bu məsələni beynəlxalq səviyyədə qaldıraq.
Bu il avqustun 30-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Milli Xalça muzeyinin ekspozisiyasının açılışını etdilər. Bu, müvəqqəti ekspozisiyadır. Çalışdıq ki, orda Qarabağa aid olan maddi mədəniyyəti göstərək. İşğaldan öncə nümayiş olunan eksponatları hazırda orda sərgiləyirik. Eyni zamanda bizim muzeyimizə Mədəniyyət Nazirliyi tərəfindən hədiyyə olunan çox qiymətli, XVIII əsrə aid olan Çələbi xalçası da orda sərgilənir. Şuşaya təşkil olunan səfərlərin mədəni proqramına bizim sərgimiz də daxildir.
Şuşada Bakıdakı Azərbaycan Milli Xalça Muzeyi səviyyəsində - yüksək səviyyədə muzey təşkil olunacaq. Muzeyin hansı binada və nə zaman təşkil olunacağına dair dəqiq söz demək hələlik mümkün deyil. Bu proseslər zaman istəyir. Hazırda Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa işləri aparılır. Hər dəfə Şuşaya gedəndə bir yenilik görürük. Vaqifin məqbərəsinin, Bülbülün Ev Muzeyinin bərpa olunması bu yeniliklərin bariz nümunəsidir. Əsas odur ki, biz ilk addımı atdıq, ekspozisiyamız ordadır. Bizim eksponatlar Şuşaya qayıdıb”.