• 26 Oktyabr 2021
logo
Gəncədə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib

Gəncədə XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib

Gəncə şəhərində XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti tədbir keçirilib.
APA-nın yerli bürosunun məlumatına görə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən tədbirdə şəhər sakinləri ,Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Mədəniyyət Nazirliyi nümayəndəsi Vüqar Hümbətov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov iştirak edib.
Çıxış edənlər bildirib ki ,dahi bəstəkar Ü.Hacıbəyli Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 113 il bundan əvvəl tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlayıb. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub.
F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbər və baş dirijoru Ağaverdi Paşayev bildirib ki, artıq 13-cü ildir, Azərbaycanda dahi bəstəkar Üzeyir Hacıbəylinin ad günü ilə bağlı festival keçirilir: “Bu festival beynəlxalq səviyyədə təşkil olunur. Bu gün biz qədim torpağımız olan Gəncə şəhərindəyik və tamaşaçılara Üzeyir bəyin əsərləri ilə yanaşı onun tələbələri olan Niyazinin, Fikrət Əmirovun, Süleyman Ələsgərovun, Vasif Adıgözəlov onun seçilmiş əsərlərini təqdim edəcəyik".
Qeyd edək ki, sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. Festival sentyabrın 24-dək davam edəcək.