• 27 Aprel 2024
logo
Elnur Əliyev Xarkov Vilayəti Şurasının sədrilə görüşüb

Elnur Əliyev Xarkov Vilayəti Şurasının sədrilə görüşüb

Sentyabrın 15-də Xarkov Vilayəti Şurasının sədri Tatyana-Yeqorova Lutsenko və Xarkov Dövlət Vilayət Administrasiyasının sədri Aleksandr Skakun mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevlə görüşüb.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Milli Məclisinin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, Azərbaycanın Ukraynadakı Səfirliyinin ikinci katibi Samir Allahverdiyev, Mədəniyyət Nazirliyinin şöbə müdiri Rüfət Həsənov, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, "Turboatom" ASC-nin baş direktoru Viktor Subbotin iştirak edib.
Qonaqları salamlayan Tatyana Yeqorova-Lutsenko Xarkov vilayətinin Azərbaycanla çoxillik dostluq münasibətləri olduğunu vurğulayıb, iki minə yaxın azərbaycanlı tələbələrin burada təhsil aldığını və müxtəlif sahələrdə əməkdaşlıq təcrübəsinin olduğunu diqqətə çatdırıb. “Bütün planlarımız və fikirlərimiz gerçəkləşməsi üçün səmərəli əməkdaşlıq bizim üçün vacibdir. Biz mədəniyyət və sənaye də daxil olmaqla müxtəlif sahələrdə bölgə üçün faydalı investisiya layihələrinin həyata keçirilməsi üçün əməkdaşlıq etməkdə maraqlıyıq. Xarici həmkarlarımı əmin etmək istəyirəm ki, Xarkov vilayəti etibarlı tərəfdaşdır. Əminəm ki, mövcud əməkdaşlıq sahələrində işlərimizi genişləndirə biləcəyik" – deyə sədr qeyd edib.
Tatyana Yeqorova-Lutsenko Xarkov vilayətinin diplomatik platforma yaratmaq üçün artıq hazırlıqlara başladığını bildirib. Bu platformanın iş dünyasının nümayəndələri, dünyanın hər yerindən diplomatik dairələr və hökumət arasında qarşılıqlı əlaqə və səmərəli əməkdaşlıq üçün şərait yaratmaq məqsədi daşıyacağını deyib.Şura sədri xarici qonaqları bölgədəki genişmiqyaslı film festivalına qatılmağa dəvət edib.
Səmimi görüş üçün təşəkkürünü bildirən Elnur Əliyev qeyd edib ki: “Azərbaycan və Ukrayna ortaq dəyərlərə malikdir, biz ədalət anlayışına, insan münasibətlərinə eyni dərəcədə inanırıq. Elə buna görə də, Xarkovda yarım milyon azərbaycanlı yaşayır. Bu görüşə görə çox minnətdaram. Bizim üçün Ukrayna, o cümlədən Xarkov vilayəti vacib tərəfdaşdır.”