• 18 Aprel 2024
logo
""Kitabi Dədə Qorqud”un Günbəd əlyazması” kitabı nəşr olunub

""Kitabi Dədə Qorqud”un Günbəd əlyazması” kitabı nəşr olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun dünya folklorunun nadir incisi, ana abidəmiz “Kitabi-Dədə Qorqud”un yeni aşkarlanmış Günbəd əlyazmasının tekstoloji-filoloji təhlilinə həsr olunmuş ""Kitabi Dədə Qorqud”un Günbəd əlyazması” monoqrafiyası işıq üzü görüb.
AMEA-dan bildirilib ki, əsər “Kitabi-Dədə Qorqud”un 2019-cu ilin əvvəllərində İranda aşkar edilmiş Günbəd əlyazmasından bəhs edən ilk monoqrafik araşdırmadır.
Akademik Möhsün Nağısoylunun “Kitabi-Dədə Qorqud”un Günbəd əlyazması” kitabı şərti olaraq iki yerə - əlyazmanın tekstoloji-filoloji araşdırmasını əhatə edən tədqiqat hissəsi və əlyazmanın tənqidi mətni və sözlüyü - bölünür. İki fəsildən ibarət tədqiqatda müəllif öncə “Kitabi-Dədə Qorqud”un yeni aşkarlanmış əlyazmasını tekstoloji tədqiqata cəlb edir.
Kitabın şərti olaraq ikinci hissəsi kimi dəyərləndirilən bölməsində əlyazmanın tənqidi mətni və sözlüyü yer alıb. Əlyazmanın ilk dəfə hazırlanmış tənqidi mətni “Kitabi-Dədə Qorqud”un yeni mətninin müxtəlif adlarla təqdim olunan üç Türkiyə və bir Azərbaycan nəşri əsasında tərtib olunub.
Akademik Möhsün Nağısoylunun fikrincə, 31 vərəqdən ibarət olan əlyazma kitabı XVIII yüzlülüyün sonlarında Təbrizdə hazırlanıb. İstər əlyazmanın paleoqrafik göstəriciləri, istərsə də dil özəllikləri belə bir fikrə gəlməyə əsas verir. Əlyazma kitabı oğuz elinin bilicisi Dədə Qorqudun soylamalarından və eposun baş qəhrəmanı Qazan xan haqqındakı bir boydan ibarətdir. Kitabın sonunda əlyazmanın faksimilesi də verilib.
“Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyanın elmi redaktoru akademik Kamal Abdulla, məsul redaktoru dosent Qətibə Vaqifqızıdır.