• 1 Dekabr 2021
logo
Çatdıq evimizə, Şuşaya çatdıq...

Çatdıq evimizə, Şuşaya çatdıq...

...Şuşaya gedəcəyimi öyrəndiyim zaman sanki dünyanı mənə bağışladılar. Heç vaxt görmədiyim, hər zaman xəyal etdiyim Şuşa... Müqəddəs Şuşa... Milli qürur paytaxtımız Şuşa...
Şuşaya getmək... Vaqif poeziya günlərində şeir oxumaq... Xəyallarım gerçək olurdu...
29 avqust - yaddaşımda iz qoyan gün...
Bizi Şuşaya aparan avtobusdakı insanlar arasında yazarlardan tək mən idim. Yol yoldaşlarımın hamısı müxtəlif sahələrdə çalışan Şuşalılar idilər. Buna çox sevindim. Heç vaxt görmədiyim Şuşa haqqında onlarla söhbət etmək şansım olacaqdı. Şuşaya onların gözü ilə baxacaqdım. Elə də oldu. Yol boyu Şuşalı xanımlar mənə Şuşanı, onun özəlliklərini, doyumsuzluğunu anlatdılar...
...“Zəfər yolu” ilə qürurla Şuşaya doğru irəliləyirdik... “Zəfər yolu” Şəhidlərimizin, böyük Qələbəmizin şərəfinə belə adlandırılıb. Şəhidlərimizin qanı ilə sulanan “Zəfər yolu”...
Hamı kimi mən də səbirsizlənirəm. Bir an öncə Şuşaya çatmaq, bu həsrətə son vermək istəyirəm. Ürəkdolusu “Biz gəldik, Şuşa!” deyə hayqırmaq keçir ürəyimdən...
...Nəhayət, çatırıq mədəniyyət paytaxtına. Ayağımı Şuşanın torpağına ilk basdığım anda sehirlənmiş kimi oluram. Qəribə hisslər keçirirəm. İnanmağım gəlmir ki, Şuşadayam. Yaşadıqlarımın yuxu olmadığına əmin olmaq istəyirəm. Qəribədir ki, sonradan dostlarımın da eyni hissləri yaşadıqlarını öyrəndim.
Həsrətə son
... Otaq yoldaşlarım yolda olduğu kimi yenə də Şuşalılardır... Sevinirəm. 29 illik həsrətin bitməsinin canlı şahidinə çevriləcəyimdən çox məmnunam.
Qalacağım otağa daxil oluram, balkona çıxıb Şuşanın əsrarəngiz havasını ciyərlərimə çəkirəm... Uzun-uzun baxıb Şuşanın rəsmini gözlərimə köçürürəm. Özümlə Bakıya aparacağam...
Bir neçə dəqiqə sonra eyvandan Şuşalı xanımlardan birinin REAL TV-yə müsahibəsinin şahidi oluram... Xanım danışmaqda çətinlik çəkir... Göz yaşları ona mane olur... 29 illik həsrətə yenilib... Bu mənzərə Şuşa alındığı gün yazdığım şeirdən bir bəndi mənə xatırladır:

Qutsal qanımızdan torpağa qatdıq,
Biz qələbə dolu tarix yaratdıq,
Çatdıq evimizə, Şuşaya çatdıq,
Vətən, gözün aydın, el, gözün aydın!

Bəli, Biz evimizə çatmışdıq! Bəli, Şuşalılar öz evlərində idilər. İllərin həsrəti bir andaca yox olmuşdu.
Bir an öncə çıxıb Şuşanın dörd bir yanını görmək istəyirəm. Yazar dostlarla birlikdə Şuşanın küçələrini dolaşmağa başlayırıq. İlk olaraq Xan qızı Natəvanın, Üzeyirin, Bülbülün büstlərini ziyarət edirik. Xan qızı Natəvanın dağıdılmış malikanəsinə baş çəkirik, Natəvan bulağından ürək yanğısı ilə su içirik... Həsrətin odunu söndürməyə çalışırıq...
Hər daşı, hər qarışı əziz Şuşanı küçə-küçə gəzirik... Elə bil topraq da doğmaları üçün qəribsəyib. Ağaclar, çiçəklər belə sevinir gəlişimizə...
Küçələri gəzərkən erməni vəhşiliyinin, vandallığının bir daha şahidi oluruq. Uçurulmuş evlər, dağıdılmış mədəniyyət abidələri... Bu mənzərələrə baxdıqca düşünürsən ki, mənfur düşmənlərimiz bizim torpaqlarımızda müvəqqəti olduqlarını anlayırmışlar. Odur ki, yaşadıqları yerdə heç bir abadlıq işi nəinki görməyiblər, hətta bacardıqları qədər dağıdıblar. Mahiyyətində tirançılıq olanlar, abadlıqdan nə anlar?...
Axşam yeməyindən sonra otağımıza çəkilirik. Otaq yoldaşlarım Şuşalılar olduğundan, onların təəssüratlarını öyrənmək istəyirəm. Mehriban, gülərüzlü bu xanımlarla ilk dəqiqələrdən isti münasibətlərimiz yaranır. Əvvəlcə onlar mənim Şuşa haqqındakı düşüncələrimi soruşurlar. Yazar olsam da, Şuşanı anlatmaqda çətinlik çəkirəm. Bir sözlə “Möhtəşəm” deyirəm. Sonra mən onların fikirlərini öyrənirəm. Söhbət əsnasında kövrəlirik... Sonra bir-birmizi təsəlli edirik: “Əsas odur ki, biz qayıtmışıq! Həsrət sona yetib!” deyirik.
Birdən “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” layihəsinin eksperti olduğumu xatırlayıram və onlara: “Şuşaya birdəfəlik qayıtmaq istəyirsinizmi?” sualını verirəm. Bir xanım: “Əlbəttə, qızım, mən məktəb direktoruyam, ancaq burada küçə süpürməyə belə razıyam” cavabını verir. Başqa bir xanım: “Qızım, kaş ki, mənə icazə verələr, burada qalım, heç Bakıya qayıtmayım” deyir. Qürürlanıram. İnsanlarımızn torpaqlarına belə bağlılığı məni duyğulandırır. Hiss edirəm ki, bu güclü sevginin qarşısında zəifləyirəm. Göz yaşlarıma hakim ola bilmirəm...
Axı biz bu topraqları mənfur düşmənlərimizdən Şəhidlərimizin qanı, canı bahasına geri almışıq. Dədə Qorqud misalı: “Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən - qorumağa dəyməz”...
Vaqif Poeziya Günləri
Sabaha qədər gözümə yuxu getmir. Səhəri dirigözlü açıram. Bir azdan Vaqifin məqrəbəsinə gedəcəyik. Vaqif Poeziya Günlərinin açılış tədbiri olacaq. Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da tədbirdə iştirak edəcəklər.
Tədbirimiz başlayır. Ölkə başçısı Molla Pənah Vaqifin 1982-ci ildə tikilən məqbərəsinin bərpasından, şanlı qələbəmizdən danışır. 1982-ci ildə olduğu kimi böyük bir mədəniyyət hadisəsi yaşanır Şuşada... Bu xoşbəxt anları bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza, Milli Ordumuza, Şəhidlərimizə, Qazilərimizə sonsuz minnətdarlıq var hər kəsin qəlbində...
Vaqif Poeziya Günlərinin ikinci günü Xalq şairi Sabir Rüstəmxanlının çıxışı ilə başlayır. O, Vətən müharibəsində Qələbəyə həsr etdiyi “Qarabağa dönüş” poemasından bir parçanı oxuyur. Sonra digər çıxışlar, şeirlər, “Nizamidən Vaqifə” adlı poetik kompozisiya tədbirə xüsusi gözəllik verir.
Vaqif Poeziya Günləri “Qarabağ, ana yurdum” mahnısı ilə bitir. Hamı coşğu ilə “Can Qarabağ” deyir...
Sevinən Cıdır düzü
...Cıdır düzündəyik. Azərbaycanın tanınmış yazarları, mədəniyyət xadimləri bu müqəddəs anları əbədiləşdirirlər. Gözlərimizn qarşısında canlanan mənzərə Şuşa fatehlərinin necə böyük əzmkarlıqla, qəhrəmanlıqla Şuşanı azad etdiklərindən bizə xəbər verir... Bu böyük iradə qarşısında digər hisslər arxa planda qalır, sadəcə heyrət hissi keçirirsən...
Bitməyən təəssürat
Qayıtmaq zamanıdır. Yenidən avtobuslara əyləşirik. Gözlərimə əsrarəngiz Şuşanın rəsmini həkk edib yenidən Şuşaya getmək istəyi ilə Bakıya qayıdırıq. Qəlbimdə Şuşanı görmək şansını mənə verən bu tədbirin təşkilatçılarına sonsuz minnətdarlıq hissi var...
Səfər başa çatır, təəssüratlar isə heç bitməyəcək…

Rəsmiyyə Sabir