Avqustun 30-dan sentyabrın 4-dək İtaliyanın müxtəlif şəhərlərində “Bərpa həftəsi - 2021” adlı beynəlxalq tədbir keçirilib.
Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir çərçivəsində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi aparatının rəhbəri Read Qasımov Matera şəhərində tok-şou formatında təşkil olunmuş tədbirə qatılıblar.
Tədbir təşkilatçı qurumların sosial şəbəkə profilləri üzərindən canlı yayımlanıb.
Tədbirdə çıxışı zamanı Azərbaycanın İtaliyadakı səfiri M.Əhmədzadə Prezidenti İlham Əliyevin ötən il İtaliyaya dövlət səfəri zamanı iki ölkə arasında imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”, strateji əməkdaşlığın inkişafı, eləcə də Vətən müharibəsi vaxtı İtaliyanın tutduğu ədalətli mövqedən danışıb.
Səfir Vətən müharibəsindən dərhal sonra İtaliyadan Azərbaycana rəsmi nümayəndə heyətlərinin səfərləri, işğaldan azad olunmuş ərazilərindəki bərpa və yenidənqurma işlərinə İtaliya şirkətlərinin cəlb olunması imkanlarının müzakirəsi, iki ölkə arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya çərçivəsində keçirilmiş görüşlər haqqında məlumat verib.
Azərbaycan nümayəndə heyətinin çıxışları vaxtı işğaldan azad edilmiş ərazilərimizdə yerləşən mədəni irsimizə qarşı törədilmiş vandalizm aktlarına dair videomaterillar nümayiş etdirilib.
Sözügedən tədbirdə Matera şəhər Bələdiyyəsinin mədəniyyət məsələləri üzrə müşaviri, Albaniya və Livanın nümayəndələri də çıxış ediblər.