• 25 Sentyabr 2021
logo
XII Qəbələ Musiqi Festivalı başlayıb

XII Qəbələ Musiqi Festivalı başlayıb

Bu gün axşam saat 17:00-da Heydər Əliyev Konqres Mərkəzində Qəbələ XII Musiqi Festivalına start verilib.
Avqustun 4-dək davam edəcək festival Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunur.
İlk öncə musiqisevərlərə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunub. Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatı olan musiqiçilər çıxış ediblər.
Axşam saat 21:00-da isə açıq havada qurulan səhnədə XII Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq. Rəsmi hissədən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edəcək.
Festival günlərində musiqisevərlər, həmçinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin "Bakı Kamera orkestri"nin, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin, muğam ifaçılarının, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə tanınmış musiqiçilərin çıxışlarını izləmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, Qəbələ XII Musiqi Festivalı Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Təhsil, Mədəniyyət Nazirliklərinin, Bakı Musiqi Akademiyasının və “Gilan Holdinq”in dəstəyi ilə keçirilir.