• 13 Noyabr 2019
logo
add image
Sofiyada Cəlil Məmmədquluzadəyə həsr olunmuş dəyirmi masa keçirilib

Sofiyada Cəlil Məmmədquluzadəyə həsr olunmuş dəyirmi masa keçirilib - FOTO

Sofiya şəhərində Bolqarıstanın Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxanasında Azərbaycanın Bolqarıstandakı Səfirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Bolqarıstan Elmlər Akademiyasının (BEA) Ədəbiyyat İnstitutu və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Prezidentinin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən təşkil olunmuşdur.
Tədbirdə səfir Nərgiz Qurbanova, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, BEA Ədəbiyyat İnstitutunun direktoru, dosent Elka Traykova, Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxananın direktor müavini Vanya Avramova, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva-Mitreska, ədəbi tənqidçilər, şair və yazıçılar iştirak etmişdir.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İ.Həbibbəyli görkəmli yazıçı, böyük dramaturq və ictimai xadim C.Məmmədquluzadənin XIX əsrin sonlarının maarifçilik hərəkatı, XX əsrin əvvəllərinin siyasi intibah ideyaları zəminində meydana çıxmış qüdrətli sənətkar olduğunu, onun Azərbaycan ədəbiyyatında «Molla Nəsrəddin» ədəbi məktəbinin yaradıcısı və tənqidi realizm ədəbi cərəyanının banisi kimi böyük şöhrət qazandığını, böyük ədibin Azərbaycan ədəbiyyatında milli istiqlal ədəbiyyatının sərkərdəsi kimi qəbul olunduğunu vurğulamışdır. Akademik həmçinin müsəlman dünyasında karikaturalı ilk satirik jurnal olan “Molla Nəsrəddin” jurnalı barədə danışmışdır. İ.Həbibbəyli kiçik hekayə janrının və “kiçik adam” obrazlarının simasında xalq həyatının bədii ədəbiyyata gətirilməsi işinin ilk dəfə C.Məmmədquluzadənin bədii nəsrində baş tutduğunu əlavə etmişdir.
BEA Ədəbiyyat İnstitutunun direktoru, dosent E.Traykova yazıçı, dramaturq və publisist C.Məmmədquluzadə yaradıcılığı barədə məlumat verərək bildirmişdir ki, o, realizm ədəbi cərəyanının parlaq nümunələrindəndir. E.Traykova yazıçının əsərlərindəki dərin mənanın incə yumor vasitəsilə oxuculara çatdırılmasından, onun hekayələrindəki yüksək bədii ustalıqdan, yaratdığı bədii obrazların təqdimində onların mənəvi aləminə nüfuz etməsindən bəhs etmişdir.
Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru S.Şiqayeva-Mitreska cari ildə 150 illik yubileyi qeyd olunan və ədəbiyyatımızın görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim C.Məmmədquluzadəni qısa hekayələr ustadı, dərin psixoloji dramların müəllifi, dövrünün çatızmazlıqlarını incə yumor və satira vasitəsilə xalqa çatdıran şəxs kimi xarakterizə etmişdir. O, dünya miqyasında tanınan yazıçının əsərlərinin bir çox dillərə tərcümə edildiyini bildirmiş, onun hekayələr toplusunun bolqar dilində ərsəyə gəlməsində Mərkəz və onun tələbələrinin yaxından iştirak etdiyini və bu təcrübənin ilk olmadığını diqqətə çatdırmışdır. Belə ki, iki il öncə Mərkəz tərəfindən Hüseyn Cavidin “Maral” və “Şeyda” əsərlərinin, cari ilin aprel ayında dahi şair Məhəmməd Fizulinin yaradıcılığından şeir nümunələri bolqar dilinə tərcümə edilmişdir. S.Şiqayeva-Mitreska C.Məmmədquluzadənin qələmindən çıxan hekayələrin lakonikliyi ilə fərqlənməsi, gözlənilməz sonluqla bitməsi, bu əsərlərin dərin məna yükünə malik olması barədə məlumat vermiş, onun əsərlərinin Azərbaycan ədəbiyyatının bədii inciləri olduğunu əlavə etmişdir.
Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxananın direktor müavini V.Avramova çıxışında C.Məmmədquluzadə kimi parlaq simaların dünyaya xüsusi missiya ilə gəldiyini, belə insanların həqiqəti işıqlandırdığını söyləmiş və yazıçının yaradıcılıq fəaliyyətindən nümunələrin toplandığı bu kitabın təqdimatının bolqar xalqının Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti və adət-ənənələri ilə daha yaxından tanış olmasına imkan yaradacağına inandığını qeyd etmişdir.
BEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşları, ədəbi tənqidçilər C.Məmmədquluzadənin bolqar dilinə tərcümə edilmiş əsərlərinin bədii təhlilini aparmış və yazıçının hekayələrindəki xarakterləri araşdırmışlar.
Sonda Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində təhsil alan tələbələri yazıçının hekayələrindən hissələr səsləndirmişlər.