• 27 Sentyabr 2022
logo
“Azərbaycanda bütün inanclar dövlət qayğısı ilə əhatə olunur”

“Azərbaycanda bütün inanclar dövlət qayğısı ilə əhatə olunur”

Tural İsmayılov: “Prezident İlham Əliyev bütün xalqların, onların dini inanclarının və mədəniyyətlərinin daim qayğısına qalır”

“Ölkə başçısının və Mehriban xanımın Qəbələyə səfəri bir çox xüsusiyyətlərinə görə əlamətdardır”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanımın Mehriban Əliyevanın Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsini, Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət etmələri ölkəmizin multikultural simasının ən gözəl örnəklərindən biridir: “Nəzərə alaq ki, bu gün dünyada insanlar inanclarına görə təqib edilir, özlərini “fikir plüralizminin hamisi” adlandıranlar fərqli inancları və fikirlərə total hücumlar edir, demokratiyadan danışan ölkələrdə insanlar dərisinin rənginə görə də hələ də rasizmlə üz-üzə qalır. Faşist təmayüllərin bu gün kuliminasiyada olduğu dövrdə həm dünyada, həm də regionumuzda Ermənistan tərəfindən monoetnik dövlətçilik anlayışı kimi zərərli şüar təfəkkürlərə təlqin edilir. Azərbaycan isə ölkə başçısının timsalında multikultural dəyərləri ən yüksək səviyyədə təcəssüm etdirir. Azərbaycanda bütün inanclar kimi xristian icması da, udi-alban mədəniyyəti də daim dövlət qayğısı ilə əhatə olunur. Bu baxımdan ölkə rəhbərinin və Mehriban xanımın Şuşadan döndükdən sonra Qəbələdə həyata keçirdiyi bu ziyarətin çox böyük mənəvi dəyəri var. Azərbaycana basqı etməyə çalışan imperializmin vintcikləri də bu görüntüləri görür və düşünürəm ki, son nəticədə Azərbaycan tolerantlıq siyasətiylə də regionda əvəzedilməz olduğunu nümayiş etdirir”.

Ekspert bildirib ki, Qəbələdə böyük infrastruktur layihələri daim həyata keçirilib: “Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbin açılmasının ölkədə təhsil infrastrukturunun inkişaf etdirilməsi, 3 mindən artıq məktəbin tikintisi və ya əsaslı şəkildə yenidən qurulmasıı kontekstində mühüm əhəmiyyətə malikdir. Pandemiyadan sonra bütün dərslər ənənəvi qaydada davam edəcək. Bu baxımdan regionların sosial-iqtisadi inkişaf proqramları və təhsil müəssisələrinin yenidən ərsəyə gətirilməsi labüddür. Azərbaycanda təkcə son illərdə deyil, ulu öndərin hakimiyyətə gəldiyi illərdən etibarən xeyli təhsil müəssisəsi tikilərək istifadəyə verilib. 2003-2008-ci illərdə isə Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 300 min şagird yerlik 1360 yeni məktəb binası istifadəyə verilib. 2018-ci il də daxil olmaqla, həmin dövr üçün Azərbaycanda 3100-dən çox yeni məktəb binası tikilib. Prezident tərəfindən 2018-ci il üçün təsdiq edilən Dövlət İnvestisiya Proqramına uyğun olaraq, həmin il ölkə ərazisində 137 modul tipli məktəbin quraşdırılması da nəzərdə tutulurdu ki, bu məktəblər əsasən ucqar, şagirdlərin sayı az olan yaşayış məntəqələrində quraşdırılıb. 2017-ci ildə isə ölkə ərazisində 106 belə məktəb quraşdırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində, ümumilikdə, 293 modul tipli məktəb quraşdırılıb. Həmin sərəncama əsasən, 2020-ci ilin sonuna kimi daha 60 modul tipli məktəbin istifadəyə veriləcəyi nəzərdə tutulurdu və həmin məktəblər də istifadəyə verildi”.

O, əlavə edib ki, digər bir maraqlı məqam da yol infrastrukturunun yenilənməsi ilə bağlı ölkədə həyata keçirilən böyük işlərdir: “Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilməsi – ölkəmizin yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, ölkə əhəmiyyətli, şəhərlər və kəndlərarası yeni yollar salınması layihəsinin davamıdır. Təkcə bir faktı qeyd edim ki, Azərbaycan Dəmir yolunda son beş il ərzində müəyyən edilmiş investisiya proqramlarına əsasən Bakı-Böyük Kəsik, Bakı-Yalama, Bakı-Astara istiqamətlərində dəmir yolunun əsaslı təmiri, Bakı-Böyük Kəsik sahəsində kontakt şəbəkəsinin dəyişən cərəyanlı elektrik təchizatı sisteminə keçirilməsi, Bakı-Gəncə-Bakı sürət qatarının istifadəyə verilməsi, Kür çayı üzərində (Yevlax) ikinci körpünün tikintisi kimi layihələrin əksəriyyəti uğurla yerinə yetirilibdir. Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı – ölkədə dəmir yollarının müasirləşdirilməsinin ölkəmizin iqtisadi potensialını nümayiş etdirməsi, sosial sahənin inkişafına yüksək diqqətin real göstəricisi olması istiqamətində mühüm əhəmiyyətə malikdir. Hazırda Qarabağda böyük işlər görən dövlətimiz digər regionlarda da öz layihələrini uğurla davam etdirir”.

Əli Zülfüqaroğlu