• 29 Mart 2024
logo
“Xalçalarımız: dünənimiz, bu günümüz, sabahımız” mövzusunda videokonfrans keçirilib

“Xalçalarımız: dünənimiz, bu günümüz, sabahımız” mövzusunda videokonfrans keçirilib

Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi, “Azərxalça” ASC və Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Xalçalarımız: dünənimiz, bu günümüz, sabahımız” mövzusunda videokonfrans keçirilib.

Nazirlikdən verilən məlumata görə, konfrans 5 may Xalçaçı günü peşə bayramı münasibətilə gerçəkləşib.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva xalça sənətinin inkişafına dövlət qayğısından söz açaraq bildirib ki, 2004-cü ildə “Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanun qəbul olunub, həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilib: “Dövlət başçısının 5 may 2016-cı ildə imzaladığı sərəncama əsasən, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Artıq beşinci ildir ki, həmin tarix “Xalçaçı günü” kimi qeyd edilir. Azərbaycan xalçaçılığının beynəlxalq miqyasda təbliğində Birinci vitse-prezident Mehriban Əliyevanın mühüm xidmətləri var. Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ilin noyabr ayında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bu gün regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində müxtəlif dərnəklər açılır, toxuma kursları təşkil edilir. Kurslarda iştirak edən xalça həvəskarları bir-birindən gözəl nümunələr yaradırlar”.

“Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov “Azərxalça”nın 21 filialında 1200-dən çox işçinin çalışdığını deyib: “Son zamanlar orijinal xalçalarla bərabər, saxta xalçalar da yayılır. Bizim əsas məqsədlərimizdən biri onların qarşısını almaqdır. Bunun üçün hamımız əl-ələ verib xalçaçılıq sənətimizi qoruyaraq gələcək nəsillərə ötürməliyik”.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov qeyd edib ki, ölkəmizdə heç bir evi xalçasız təsəvvür etmək mümkün deyil.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bu gün ölkəmizdə xalçaçılıq sənətinin çiçəklənmə dövrünü yaşadığını deyib: “Həm qədim xalçalarımız, həm də müasir rəssamların ərsəyə gətirdikləri xalçalar dünyanın müxtəlif muzeylərində saxlanılır”.

Sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov, Lənkəran, Quba, Qazax, Xaçmaz, Gəncə, Oğuz, Zərdab, Tərtər, Yevlax, Şabran və Samux rayonunda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin direktorları çıxış edərək xalçaçılığın mövcud vəziyyəti barədə məlumat veriblər.