• 3 Dekabr 2021
logo
“Mədəniyyət naminə sülh” qlobal kampaniya başlayır

“Mədəniyyət naminə sülh” qlobal kampaniya başlayır

Mədəniyyət Nazirliyi “Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniya elan edib.

Kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımın dünyaya çatdırılması və dünyanın siyasi, mədəni elitası tərəfindən vəziyyətin tanınması, dünyanın müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasının orada sülh yaradılması vasitəsilə mümkün ola biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyinin dünyaya çatdırılması, həmçinin planetin heç bir yerində, heç bir mədəniyyətə qarşı vandalizmin təkrarlanmaması üçün çağırış edilməsidir.

Bu qlobal kampaniya sülh vasitəsilə mədəni irsin qorunmasının, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulmasının və beynəlxalq sülh sistemlərinin gücləndirilməsinin, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsini nəzərdə tutur.
Kampaniya çərçivəsində Azərbaycana dəvət ediləcək dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatlarından rəsmilər, diplomatlar, ictimai-siyasi xadimlər, görkəmli mədəniyyət və incəsənət adamları, media nümayəndələri, elm xadimləri işğaldan azad edilmiş şəhərlərə dəvət edilməsi və sülh çağırışlarının bu ərazilərin fonunda səsləndirilməsi nəzərdə tutulur.

Dünyəvi və multikultural ölkə kimi Azərbaycanın mövqeyinin və sadiq olduğu dəyərlərin dünyaya düzgün çatdırılması olduqca vacibdir.

Bu kampaniya eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” təşəbbüsü və 2010-cu ildə BMT Baş Assambleyası çərçivəsində irəli sürülmüş Ümumdünya Mədəniyyətləarası Dialoq Forumu təşəbbüsünün qlobal miqyasda davamını və onun əsas ideyalarına sadiqliyini nümayiş etdirir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi 2017, 2018 və 2019-cu illərdə BMT Baş Assambleyasına təqdim etdiyi məruzələrində “Bakı Prosesi”ni xüsusi vurğulayaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətləarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından biri elan etmişdir. Bununla əlaqədar “Mədəniyyət naminə sülh” kampaniyası mədəniyyəti qorumaq naminə sülhü təşviq etməyin əhəmiyyətini bir daha bəyan edərək dünyanı malik olduğu mədəni müxtəlifliyə sahib çıxmağa və onun təhlükəsizliyini vaxtında təmin etməyə çağırır.

“Mədəniyyət naminə sülh” qlobal kampaniyası beynəlxalq qurumların və xarici ölkələrin, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, biznes qurumlarının qoşulması üçün açıqdır. Bu qlobal layihə çərçivəsində mədəni irsin vəziyyətinə dair sərgilər, sülhə çağırış aksiyaları, elmi və ədəbi müsabiqələr, sosial media, foto və video, film, musiqi və digər audiovizual layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, kampaniya çərçivəsində ilk ictimai aksiya kimi Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan Platforması (www.creative.az) “Sülh üçün Yarat” (#create4peace) beynəlxalq aksiyasına başlayır. Aksiya hər bir şəxs üçün açıqdır və seçilmiş iştirakçılar müxtəlif kriteriyalar üzrə mükafatlandırılacaqdır.

Aksiya barədə ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür: https://creative.az/az/post/453