• 1 Dekabr 2021
logo
İndoneziya mətbuatında Nizami Gəncəviyə həsr olunmuş məqalə yayımlanıb

İndoneziya mətbuatında Nizami Gəncəviyə həsr olunmuş məqalə yayımlanıb

İndoneziyanın nüfuzlu “Minanews”, “akurat”, “gpriority”, “wartapenanews” saytlarında “Nizami Gəncəvi ili” çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Gəncə şöbəsinin sədri, əməkdar mədəniyyət işçisi, Avrasiya Yazarlar Birliyinin üzvü, şair-dramaturq Xəzangül Hüseynovanın “Nizami Gəncəvi yaradıcılığında bəşəri ideyalar” məqaləsi yayımlanıb.

APA-nın məlumatına görə, məqalədə müəllif ədəbiyyatın əbədi zirvəsi sayılan böyük Nizaminin ölməz ideyalarının öz dövrünü xeyli qabaqladığını, “Xəmsə”sinə daxil olan poemalarının özündə Şərq poeziyasının, ən əsası türk poeziyasının mədəniyyət tarixində yeni səhifə açdığını, misilsizlik qazanan poemaların Yaxın və Orta Şərq ədəbiyyatının və incəsənətinin inkişafına böyük təsir göstərdiyini, bunun günümüzə qədər davam etdiyini yazıb. Türk poeziyasının bir çox klassikləri üçün tükənməz ilham mənbəyi olmuş Nizaminin “Xəmsə”sinə çoxlu nəzirələrin yazıldığını, bu nəzirələrin müəllifləri arasında görkəmli türk şairləri Əbdürrəhman Caminin, Əlişir Nəvainin, Xosrov Dəhləvinin və başqa klassiklərin də olduğu xatırladıb. Nizami Gəncəvinin Gəncədə doğularaq, yaşayıb-yaratmasına baxmayaraq, bəşəriyyət şairi, mütəfəkkiri, filosofu olduğunu qeyd edən müəllif onun “Xəmsə”sinə daxil olan poemaları üzərindən təhlil apararaq, onun hər əsərində Azərbaycan, o cümlədən türk dünyasının adət-ənənələrinə, folkloruna, əxlaq dünyasına tükənməz sevgisini, məhəbbətini vurğulayıb. Habelə, Nizaminin əsərlərində türk qadınına yüksək qiymət verdiyini, Fitnə, Şirin, Nüşabə, Azadə kimi qadın qəhrəmanlarına diqqət çəkərək, türk qadınının ağlına, sədaqətinə, fədakarlığına, ismətinə dair dərin miras buraxdığını bildirib. Nizami Gəncəvi yaradıcılığında keçmişlə gələcəyin vəhdət təşkil etdiyini yazan müəllif, onun əsərlərinin bütün dünya poeziyasına “Nizami” möhürünü vurduğunu yazıb.

Məqalənin girişində Azərbaycanın İndoneziyada səfirliyinin 2021-ci ildə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin 880 ilinin tamam olduğu və bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamla Azərbaycanda 2021-ci ili “Nizami Gəncəvi ili” elan etdiyi haqqında məlumat da əksini tapıb.